Manat pul kütləsinin həcmi isə fevralda 9% artıb
Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il mart ayının 1-nə 19 598,8 mln. manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi fevralın 1-nə nisbətən 331,4 mln. manat və ya 1,66%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 516,4 mln. manat və ya 2,57% azalıb.
Manatla geniş mənada pul kütləsinin həcmi martın 1-nə 8 686,4 mln. manat təşkil edib. Bu, fevralın 1-nə olan analoji göstəricidən 684,7 mln. manat və ya 8,56% çoxdur, keçən ilin analoji dövrü ilə müqayisədə isə 4 920,6 mln. manat və ya 36,1% azdır. Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi ən maksimal səviyyəsinə 2014-cü ilin noyabrında çatıb və 17, 525,2 mln. manat təşkil edib. Hazırda isə bu göstərici tarixi maksimal səviyyəsindən 8 838,8 mln. manat və ya 50,4% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, manatla geniş mənada pul kütləsinin fevral ayı ərzində artmasına səbəb kimi dolların məzənnəsinin kəskin yüksəlməsi zamanı xarici valyutada olan vəsaitlərin manata çevrilməsi amilidir: "Bu göstərici son dəfə 2015-ci ilin mayında artım göstərib və 11 051,4 mln. manata yüksəlib. Manatla pul kütləsində azalma 2015-ci il may ayı istisna olmaqla 14 ay davam edir".
"Ümumiyyətlə, geniş mənada pul kütləsinin azalması xarici valyutada olan depozit və əmanətlərin azalması kimi xarakterizə oluna bilər", - deyə analitiklər bildiriblər.