Azərbaycanda fındıq ixracında vəziyyət necədir? | Banco.az

Azərbaycanda fındıq ixracında vəziyyət necədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının 2022–2023-cü illər üzrə hesabatına əsasən, ölkəmiz qlobal istehsalçılar arasında 4-cü yerdə qərarlaşıb.

Sıralamada ilk üç pillədə Türkiyə, Çili və İtaliya yer alıb.

Banco.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib.
2023-2024-cü illərin statistik göstəricilərinə görə, Azərbaycanda əsasən 39 şirkət fındıq ixrac edir. Onlardan 34-nün illik ixracı 100 min ABŞ dollarını, 24-nün isə illik ixracı 1 milyon ABŞ dollarını üstələyir.

Azərbaycanda fındıqçılıq geniş əkin sahələri və yüksək məhsuldarlıqla xarakterizə olunur. Belə ki, 2023-cü ilin sonuna fındıq əkmələrinin sahəsi 81 801,5 hektar təşkil edib. Cəmi məhsul yığımı isə ötən il 4,6 faiz artaraq 75 409,3 tona çatıb. 
Dövlət Gömrük Komitəsinin məlumatına görə,  2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 54 milyon 527 min dollar dəyərində 8 min 844 ton meşə fındığı ixrac olunub.
2023-cü ilin ilk 7  ayında isə Azərbaycandan 64 milyon 323 min dollar dəyərində 12 min 920 ton fındıq ixrac olunmuşdu. Statistikaya əsasən 1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin 7 ayında 10,48 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 manat (24%) çoxdur. 2022-ci ilin eyni dövründə isə orta ixrac qiyməti 8,46 manata idi.
Bu il ümumi ixracının 0,34%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,91%-i fındığın payına düşüb.
Qeyd edək ki, ölkəmizin ən çox fındıq bağlarının yerləşdiyi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında 2023-cü ildə fındıq yığımı müvafiq olaraq 56 580,1 ton və 13 714,6 ton təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et