Azərbaycanda fındıq istehsalı son illərdə əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının 2022-2023-cü illər üzrə hesabatına əsasən, ölkəmiz 24 min ton qabığı soyulmuş fındıq istehsal edərək, qlobal istehsalçılar arasında 4-cü yerdə qərarlaşıb.
Bu, Azərbaycanın dünya fındıq istehsalında 4% paya sahib olduğunu göstərir.
Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 54 milyon 527 min dollar dəyərində 8 844 ton meşə fındığı ixrac olunub. 2023-cü ilin ilk yeddi ayında isə Azərbaycandan 64 milyon 323 min dollar dəyərində 12 920 ton fındıq ixrac olunub. Son illərdə ixracda artım olsa da, ekspertlər azalmanın olduğu qənaətindədirlər.
Banco.az-a bu məsələ ilə bağlı açıqlama verən iqtisadçı Rauf Qarayevin fikrincə, fındıq ixracının azalmasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. O, qeyd edir ki, fındıq həm paketlənmiş, həm də açıq şəkildə ixrac edilir və ixracın azalması tələbatla bağlı ola bilər.
“Müəyyən ölkələrə fındıq ixrac edirik, lakin həmin ölkələrə başqa dövlətlərdən də fındıq ixrac olunur. Ola bilər ki, daha keyfiyyətli fındıq ixracatçıları bizim bazarımızı ələ keçirib. Fındıq ixracının azalması müvəqqəti xarakter də daşıya bilər”.
Qarayev əlavə edib ki, digər bir məqam məhsuldarlıqla bağlıdır:
“Sahibkarlar zavodlara fındıq verməkdən boyun qaçırırlar. Çünki fındıq ixracı üçün nəzərdə tutulmuş zavodlara məhsul yığan şəxs fındığı gətirib təhvil verdikdə sahibkar kimi vergi uçotunda durmalıdır. Bu isə fındıq gətirən vətəndaşa müəyyən qədər sərf etmir. Çünki burada tək tələb edilən vergi uçotuna dayanmaq deyil. Uçota durduqdan sonra sahibkar kimi başqa tələblərlə də üzləşir. Fındıq zavodları kəndliyə ödəniş etdikdə bunu çox zaman bank vasitəsilə etməli olurlar. Proses bank vasitəsilə edildiyi üçün də şəxsin vergi uçotuna alınması tələb olunur. Bu isə fermerlərdə fındıqçılığa olan marağı azaldır”.
İqtisadçı problemin həlli yolunu alternativ bazarlara çıxış imkanlarında görür
O, əlavə edir ki, alternativ bazarlar tapdıqdan sonra məhsuldarlığı inkişaf etdirmək haqqında düşünməliyik:
“Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi də müəyyən addımlar atmalıdır. Sahibkarlarla görüşlər keçirilməli, kəndlilərlə istehsalın artırılması ilə bağlı profilaktik iş aparılmalıdır”.
Qeyd edək ki, fındıq ixracı sahəsində də müəyyən irəliləyişlər müşahidə olunur. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib.