Bu ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 138,6 mln. manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9% az vəsait yönəldilib. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda qeyd edilir.
Vəsaitin 4 344,0 mln. manatı neft sektoruna, 2 794,6 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 70,0%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78,6%-i məhsul istehsalı obyektləri, 16,0%-i xidmət sahələri üzrə obyektlər, 5,4%-i isə ümumi sahəsi 838,1 min kv. metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3%, bank kreditləri 11,9%, büdcə vəsaitləri 11,4%, əhalinin şəxsi vəsaitləri 4,6%, büdcədənkənar fondların vəsaitləri 1,3%, sair vəsaitlər isə 0,5% təşkil edib.
Cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında 2 136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.