Azərbaycanda enerji tarifləri yeni qayda ilə hesablanacaq | Banco.az

Azərbaycanda enerji tarifləri yeni qayda ilə hesablanacaq

Elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanıb.

Bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

P.Şahbazov qeyd edib ki, dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanıb və hazırda hökumətdə baxılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, liberal bazar münasibətlərinə keçid üçün ilk növbədə elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılması, tariflərin müəyyənləşdirilməsi üzrə metodologiyanın, Şəbəkə Məcəlləsinin hazırlanması, gələcək bazar subyektlərinin kommersiya uçotu sisteminin təşkili ilə bağlı tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə müvafiq işlər yerinə yetirilir: “Bu prosesdə mühüm əhəmiyyət daşıyan, mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla “Elektroenergetika haqqında” qanunun yeni layihəsi hazırlanıb. Qanun layihəsində elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqi, özəl investisiyaların cəlbi, dövlətin maliyyə yükünün, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılması və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulub”.

O deyib ki, elektroenergetika sisteminin səmərəliliyinin artırılmasında özəl sektorun iştirakına nail olmaq da həlli vacib məsələlərdəndir. Bununla əlaqədar ilkin mərhələ kimi kiçik gücə malik bir sıra modul, su və günəş elektrik stansiyalarının nümunəsində elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində təkliflər hazırlanıb və hazırda baxılmaqdadır. Eyni zamanda, özəl sektor və xarici investisiya hesabına ənənəvi enerji ilə işləyən yeni güclərin yaradılması da əsas prioritetdir. Bu məqsədlə 550 meqavatlıq yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür. Stansiyanın özəl investisiya hesabına inşası məqsədilə xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib. Şirkətlərdən artıq nazirliyə layihə təklifləri daxil olub. Elektrik stansiyasının fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından stansiyanın Bakıdan 40 kilometr məsafədə yerləşən Yaşma və 120 kilometr uzaqlıqda olan Şirvan ərazilərindən birində tikilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et