Azərbaycanda əməkhaqqı fondu bu il 8% artıb | Banco.az

Azərbaycanda əməkhaqqı fondu bu il 8% artıb

Bu il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" altsistemində özəl sektor tərəfindən daxil edilən əmək müqavilələri bildirişlərinin sayında 19% (120 minə yaxın) artım qeydə alınıb.

"Caspian Energy Club"dan (CEC) verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov CEC-in təşkil etdiyi "Online B2G Forum"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı, əməkhaqqı fondu 8%, o cümlədən dövlət sektoru üzrə 3,5%, özəl sektor üzrə 13% artıb.

"Cari ildə məşğulluğun qorunması ilə yanaşı, xüsusən də əmək müqavilələrində artım tempinin hətta pandemiya dövründə də davam etməsi və bu artımın böyük əksəriyyətinin özəl sektora aid olması müsbət sosial-iqtisadi məqamlardan biri oldu", - deyə F. Heydərov qeyd edib.

O həmçinin əlavə edib ki, karantin dövründə Azərbaycanda dövlət sektorunda fəaliyyət göstərən 900 min işçidən təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib: "Özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısı alınıb, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib".

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram