Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində mühüm dəyişikliklərdən biri fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinə güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.
Banco.az Dövlət Vergi Xidmətinin məlumatını təqdim edir:
Məlum olduğu kimi, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad idi. Azadolmanın müddəti 2023-cü il 1 fevral tarixində bitdiyindən həmin tarixdən etibarən banklar tərəfindən əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu.
Əhalinin vergi yükünün azaldılması və əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviqi məqsədilə Vergi Məcəlləsində bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində məbləğdən asılı olaraq yeni dəyişikliklər edilib. Belə ki, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub. Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!