Azərbaycanda elektrik avtomobilinə keçid sürətlənir - Rəy | Banco.az

Azərbaycanda elektrik avtomobilinə keçid sürətlənir - Rəy

Müəllif:Mehin Qasımova/banco.az

Bu gün elektrik avtomobilinə keçid qlobal olaraq təşviq və təbliğ edilir. Ölkəmizdə bu avtomobillərə maraq artmaqdadır.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 98,2 milyon dollar dəyərində 2 425 ədəd elektrikli avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin  məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 2057 ədəd və ya 6,5 dəfə artıb.
Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 85,5 milyon dollar və ya 7,7 dəfə artıb.


Mövzuyla bağlı Banco.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu gün  ölkəmizdə elektromobillərin sayı elektrikdoldurma məntəqələrinin sayına mütənasibdir:
“Bu o deməkdir ki, elektromobillərin sayı artdıqca elektrikdoldurma məntəqələrinin sayı da artır və yaxud da əksinə, elektrikdoldurma məntəqələrinin sayı artdıqca elektrik mühərrikli avtomobillərin sayı artır. 2022-ci  ilin sonunda Azərbaycanda cəmi qırxa yaxın elektrikdoldurma məntəqəsi var idi. Bu ilin sonunda artıq bu rəqəm yüzə qədər artıb. Bilirsiniz ki, 2022-ci  ilin sonunda Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın alt qrupunda ölkəmizə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalının stimullaşdırılması və ölkə daxilində həmin nəqliyyat vasitələrinin istismarının stimullaşdırılması ilə bağlı yol xəritəsi hazırlandı. Həmin  proqrama əsasən  2023-cü  il ərzində ölkəyə  idxal olunan elektromobillərin sayı  artdı. Çünki  həmin  avtomobillərin idxalı həm gömrük, həm də vergi rüsumlarından azad olundu. Paralel olaraq elektrikdoldurma məntəqələrinin yaradılmasına lazım olan cihaz və avadanlıqlar da bizim ölkəmizə idxal olunan zaman bütün rüsumlardan azad edildi. Biz də  bu qanunun müsbət təsirlərini artıq müşahidə edirik. Bu qanun sahibkarlara şərait yaradır ki, onlar elektrikdoldurma məntəqələrinin sayını artırsınlar.

Ekspert bölgələrdə də elektrikdoldurma məntəqələrinin sayının gündən-günə artdığını qeyd edir:

“Hal hazırda  komissiyanın alt qruplarında bu məsələlər müzakirə olunur. Bu gün müəyyən proqramlar, layihələr hazırlanır. Sırf ölkənin ekosisteminin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Ümid edirəm ki, qarşıdan gələn ildə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və ölkə daxilində onların istismarı, həmçinin elektrikdoldurma məntəqələrinin sayının artırılması ilə bağlı yeni bir proqram olacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram