Azərbaycanda əhali hansı valyutaya etibar edir? | Banco.az

Azərbaycanda əhali hansı valyutaya etibar edir?

"Azərbaycanda xarici valyuta dedikdə, ilk növbədə, təsəvvürdə ABŞ dolları canlanır. Əslində isə bu hal dünyanın istənilən ölkəsində müşahidə olunur. Dollar bütün parametrlər üzrə Azərbaycanda xarici valyuta kimi liderliyini qoruyub saxlayır". Bu sözləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev mövzu ilə bağlı açıqlamasında qeyd edib.

"Bu hal xarici valyuta üzrə əmanətlərdə və əsasən, dollar şəklində götürülən kreditlərdə də qeydə alınır.  Hətta daşınmaz əmlakın alqı-satqısı zamanı da insanlar dollar və ya manatdan istifadə edirlər. Yəni, əhalinin özü də bütün parametrlər üzrə dolları digər xarici valyutalardan üstün tutur. Avroya gəldikdə isə deyə bilərəm ki, bu valyuta dollar və Rusiya rublu (əsasən, Rusiyaya tez-tez gedən vətəndaşlar tərəfindən istifadə edilir) ilə müqayisədə daha az populyarlıqla istifadə olunur.

Bizim ölkəmizdə avro, əsasən, turizm məqsədilə istifadə edilir. Adətən, insanlar Avropa ölkələrinə və ya qonşu Türkiyəyə səfər edəcəkləri zaman bu valyutaya müraciət edirlər. Ölkə daxilində alqı-satqı əməliyyatlarının həyata keçirilməsi zamanı bu valyutadan istifadə olunmur. Lakin Azərbaycanda əhalinin avroya etibar etmədiyini demək düzgün olmazdı. Ən azından, bütün Avropanın bu valyutadan istifadə etməsi insanlarda inam hissinin formalaşmasına səbəb olur", deyə ekspert vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Samir Əliyev həmçinin qeyd edib ki, son illər avro kursunda qeyri-sabitlik müşahidə olunur. "Son illər ərzində bu valyuta kursunda bir neçə dəfə azalma və artım müşahidə olunmuşdur. Qeyd edim ki, əhalinin böyük bir hissəsinin manata üstünlük verməsinin bir səbəbi də manatın kursunun sabit olmasıdır. Bir sözlə, Azərbaycan əhalisi avroya etibar edir. Lakin dollara etibar edən insanların sayı üstünlük təşkil edir".

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et