Azərbaycanda e-ticarətin inkişafı üçün yeni imkanlar yaradılacaq | Banco.az

Azərbaycanda e-ticarətin inkişafı üçün yeni imkanlar yaradılacaq

Azərbaycanda elektron ticarətin (e-ticarət) inkişafı üçün bu ilin sonunadək yeni imkanlar yaradılacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, bu imkanlar e-kommersiya və elektron logistika vasitəsilə ixrac prosedurlarını sadələşdirməyə, sərhəd gecikmələrini azaltmağa, əməliyyatların şəffaflığını və təhlükəsizliyini artırmağa, saxtakarlıqdan qaynaqlanan inzibati xərcləri və itkiləri azaltmağa, həmçinin rəqəmsal iqtisadiyyatda daha təkmil rəqabətliliyin təmin edilməsinə zəmin yaradacaq.

“Azərbaycan Avropa ittifaqının EU4Digital təşəbbüsündə fəal iştirak edir. Bu təşəbbüsün məqsədi Aİ-nin Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə doğru genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatını yaxşılaşdırmaq və biznesi dəstəkləmək üçün rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını artırmaqdır. Hazırda geniş miqyasda “virtual anbar” həllinin icrası üçün tövsiyələr hazırlanır”, - deyə R. Əzizov qeyd edib.

Qeyd edək ki, “Virtual anbar”lar gömrük, idxal rüsumları, nəqliyyat və qida təhlükəsizliyi sənədləşmələri üçün lazımı məlumatları real vaxt rejimində avtomatik olaraq yaradır, alıcılar isə aldığı məhsulu onlayn şəkildə izləmək imkanı əldə edirlər.

Hazırda Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən e-ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında elektron kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə çərçivəsində qeyd olunan ölkədən Almaniyaya məhsul ixrac əməliyyatları aparılıb. Pilot layihə çərçivəsində pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanları arasında sərhədlərarası məlumatların avtomatik və elektron şəkildə mübadiləsi üçün iştirakçı ölkələrin hər birində satıcıların öz məhsulları haqqında əsas məlumatları saxlaya biləcəyi “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Aİ hazırda elektron ticarət üçün yeni qaydaları (e-ticarətdə ƏDV paketləri - 2021) təqdim etməkdədir. Pilot layihənin məqsədi həmçinin Şərq Tərəfdaşlığı ölkələrində e-kommersiya iştirakçılarını bu yeni qaydalara və gələcəkdəki paralel dəyişikliklərə hazırlamaqdan ibarətdir.

“Artıq Aİ-də elektron kommersiya üzrə ƏDV paketinin tətbiqinə başlanılıb. Yeni qaydalar Aİ ölkələri ilə ticarətə təsir edir. Bu kimi layihələrin icrası Şərq Tərəfdaşlığı ölkələrində yeni sərhədlərarası qaydaların, həmçinin e-kommersiya standartlarının tətbiqinə imkan yaradacaq. Beləliklə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət artacaq”, - deyə R. Əzizov əlavə edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et