Azərbaycanda dollar yenidən 2 manata yaxınlaşacaq | Banco.az

Azərbaycanda dollar yenidən 2 manata yaxınlaşacaq

Azərbaycanda manatıın məzənnəsində ilin əvvəlindən yaranan stabillik ilin sonuna doğru pozulacaq. Həm iqtisadçı ekspertlər, həm də millət vəkilləri bu qənaətdədir.

İqtisadçı eskpert Rəşad Həsənov hesab edir ki, dolların yenidən bahalaşmasına, əsasən, iki amil təsir göstərə bilər. Söhbət neftin yenidən ucuzlaşması və idxalın ilin sonuna doğru artmasından gedir. Ekspert bildirib ki, may ayının əvvəlində Brend markalı neft 46 dollara qədər ucuşlaşmışdı. Bu isə xarici brokerlər tərəfindən onunla izah olundu ki, Rusiya hökuməti neft idxalının azalması ilə bağlı vahid fikirdə deyil:

“Təsəvvür edin ki, razılaşma baş tutmazsa neft qiymətləri necə dəyişə bilər”.

Bundan əlavə, ABŞ neft hasilatını artırır. Rezervlərdə son iki həftədə azalma baş verir. Belə ki, ABŞ-da yay ayları ilə bağlı turizm sektoru daha çox yanacağa tələbatı formalaşdırır və müəyyən qədər neft rezervlərində azalma baş verir. Amma ümumilikdə neft ehtiyatları son iki ayda davamlı artır. Bu özü də bazarda təzyiqlər formalaşdırır və neftin qiymətinin düşəcəyi ilə bağlı ehtimalları artırır.

R.Həsənov idxala təsir edən amillərdən də danışıb. Bildirib ki, avqust-sentyabr aylarında məktəb ləvazimatlarına tələbatın artması ilə idxalın həcmi xeyli artacaq:

“Ölkədə bir milyondan artıq şagird, 300 mindən çox müəllim var. Yəni, bunlar bazarda kütləvi tələb formalaşdıracaq. Bu idxalla bağlı prosesə öz təsiri göstərəcək”.

Daha bir məqam isə ondan ibarətdir ki, ilin son rübündə büdcənin icrası ilə bağlı proseslər sürətləndiriləcək, ödənişlər artacaq. Ekspert hesab edir ki, bu özü də bazarda dollara tələb formalaşdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Son nəticədə isə manat ilin sonuna kimi 10-15% ucuzlaşacaq. R.Həsənov deyib ki, dollar 2 manatlıq psixoloji həddi keçə bilməsə də, 1,85-1,95 manat səviyyəsinə yüksələcək.

Qeyd edək ki, bundan əvvəl millət vəkili Vahid Əhmədov da fins-ə açıqlamasında 2-3 aydan sonra dolların yenidən bahalaşacağını bildirmişdi. V.Əhmədov hesab edir ki, sağlamlaşdırılma üçün büdcədən Beynəlxalq Banka vəsaitlər ayrılması sentyabr ayında dolları yenidən əvvəlki səviyyəsinə qaytara bilər:

“İstənilən halda maliyyə bazarında belə bir vəziyyət yarananda, müəyyən qədər iri valyutalar bazara buraxılanda milli valyutaya da təsirsiz ötüşmür”.

Millət vəkili də manatın ucuzlaşmasına təsir edən digər amil kimi idxalın artmasını göstərib. O bildirib ki, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb. Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabr ayından sonra bunu etmək daha çətin olacaq. Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək:

“Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə 2017-ci il ağır ildir”.

 

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et