Azərbaycanda çayçılıq sahəsində vəziyyət necədir? | Banco.az

Azərbaycanda çayçılıq sahəsində vəziyyət necədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 10.3% azalaraq 9 710 ton , dəyər baxımından isə 8.3% azalaraq 50 milyon 820 min dollar təşkil edib.

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 3 dəfə azalaraq 505.8 ton, dəyər baxımından isə 2.1 dəfə azalaraq 4 milyon 604 min dollar təşkil edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 9 milyon 656 min dollar dəyərində 1560 ton çay ixrac, 55 milyon 409 min dollar dəyərində isə 10 827 ton çay idxal edib. Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,40%-ni təşkil edib. İdxal ixracı 19.2 dəfə üstələyib. 2022-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycana 68 milyon 802 min dollar dəyərində 13 min 155 ton çay idxal edilib. 2021-ci ilin 11 ayı ilə müqayisədə çay idxalı dəyər ifadəsilə 23,9%, miqdar ifadəsilə 3,8% artıb. 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 55 milyon 545 min dollar dəyərində 12 min 669 ton, 2021-ci ilin 12 ayı ərzində isə 61 milyon 858 min dollar dəyərində 13 min 965 ton çay idxal edilmişdi.

2021-ci ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 12 faiz artıb, həcmi isə 6,2 faiz azalıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,56 faiz təşkil edib. 2022-ci ilin ilk altı ayında (2021-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,6 dəfə, həcm ifadəsində isə 6,6 dəfə üstələyib.

Çay qiymətləri bahalaşır

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında çayın qiyməti ötən ilin yanvarına nisbətən 16,1 faiz, ötən ilin dekabrına nisbətən isə 1,1 faiz bahalaşıb.

Statistikaya əsasən, bu ilin yanvarında 500 qramlıq çayın orta aylıq pərakəndə satış qiyməti 12,50 manat olub. Ötən ilin dekabrında bu rəqəm 12,37 manat, yanvarında isə 10,76 manat olub. Həm yerli çayın həm də xaricdən gətirilən çayın qiymətində bahalaşma müşahidə edilib.

Yanvar ayında ölkəmizə çay idxalı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında Azərbaycana 5 milyon 946 min dollar dəyərində 1110 ton çay idxal edilib. Bu da ötən ilin yanvarı ilə müqayisədə həcm baxımından 31,1 faiz, dəyər baxımından isə 48,4 faiz çoxdur. Cari ilin yanvarında ötən ilin yanvarına nisbətən Azərbaycanın çay ixracı da kəskin artıb. Belə ki, həmin ay 613 min dollar dəyərində 70 ton çay ixrac edilib ki, bu da həcm baxımından 2 dəfəyə yaxın, dəyər baxımından isə 2,2 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Çayçılığın problemləri

Astara rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədovun yerli kiv-ə verdiyi məlumata görə, 130 hektarda bərpa işləri aparılıb, 10 hektarda isə əkin keçirilib. Lənkəranda isə 20 hektara yaxın çay kolu əkilib. Mütəxəssislərin dediklərinə görə, bu gedişlə bir əsr lazımdır ki, əvvəlki çay sahələri bərpa olunsun.Masallıda və Lerikdə çay sahələri ləğv olunub. Vaxtı ilə Astarada 2 min, Lənkəranda 7 min hektara yaxın çay sahələri olub. İndi bu sahələrin çox az hissəsi qalıb. Hazırda il ərzində Astarada 400-450 ton, Lənkəranda isə 200 tona yaxın yaşıl çay yarpağı yığılır.

1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlayıb və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb.

Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı

2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək yaşıl çay yarpağı yığımı 8,5 min tona , əkin sahələrinin 3000 hektara, çatdırılması planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et