Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına (ÇPY) qarşı mübarizə və Komplayns üzrə Ekspert Qrupunun ilk iclası keçirilib.
Banco.az "Report"a istinadən xəbər verir ki, qrupda ÇPY-yə qarşı mübarizə və komplayns üzrə Azərbaycanın qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə üzvlər arasında təcrübə mübadiləsi aparılır.
"Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmilləşdirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə birgə əməkdaşlıq yolları nəzərdən keçirilir", - deyə Assosiasiyadan bildirilib.
ÇPY-yə qarşı mübarizə və Komplayns üzrə Ekspert Qrupunun fəaliyyətinin əlaqələndirilməsini ABA-nın Rəyasət Heyətində təmsil olunan “Paşa Bank” ASC öz üzərinə götürüb. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvləri ilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “Paşa Bank”ın Komplayns Departamentinin direktoru Anar Kərimova həvalə edilib.