Azərbaycanda banklardan kredit götürənlər üçün zamin dayanan ölkə vətəndaşlarının sayı sürətlə artmaqdadır. Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumatlarına görə, hazırda ölkədə 1 milyon 12 min nəfərə yaxın zamin var. İlin əvvəlindən etibarən zaminlərin sayı 175 min nəfər artıb. Son bir ildə isə zaminlərin sayı 361 min nəfər çoxalıb.
Hər 3 nəfərdin 1-i kredit götürüb
MKR-in məlumatlarına görə, büroda ölkədə 2 milyon 164 min 493 borcalan barədə məlumat toplanıb. Borcalanların böyük hissəsi - 2 milyon 135,5 mini və ya 98,7%-i fiziki şəxslərdir. Başqa sözlə, ölkədə kredit qabiliyyəti olan əhalinin (20-60 yaş arasında olanlar) hər 3 nəfərdən biri bankdan kredit götürüb.
İlin əvvəlindən indiyədək banklardan kredit götürən vətəndaşların sayı 210 min nəfər artıb. Ümumilikdə isə son bir ildə bankdan kredit götürənlərin sayı 380 min nəfər çoxalıb.
Şirkətlər kredit götürməyə ehtiyat edirlər
Adi vətəndaşlardan fərqli olaraq şirkətlər və iş adamları bankdan kreditləri daha ehtiyatla götürürlər. Belə ki, MKR-da qeyd edilən borcalanların 10,5 mini hüquqi şəxslər, 18,5 min isə sahibkarlardır. İlin əvvəlindən kredit götürən hüquqi şəxslərin sayı cəmi 420 nəfər, sahibkarların sayı isə 1771 nəfər artıb.
fins.az