"Azərbaycanda Azad Ticarət Zonasının (ATZ) yaradılması işsizlik probleminin həllinə böyük töhfə verə bilər".
Bunu Avropa İttifaqının Bakı limanına göstərdiyi texniki yardım layihəsinin beynəlxalq eksperti Toni Restal (Tony Restall) deyib.
Onun sözlərinə görə, Azərbaycanda Azad Ticarət Zonasında biznes qurmaq, investisiya yatırmaq olduqca perspektivlidir: "Çünki burada artıq yaxşı qurulmuş infrastruktur var. Azərbaycanın 9 mln. əhalisi var və inanıram ki, Azad Ticarət Zonasının yaradılması insanların işlə təminatını tam şəkildə həll edə bilər".
T.Restal bildirib ki, bu layihənin icra edilməsi üçün investisiyalardan daha önəmli məsələ siyasi iradənin ortaya qoyulmasıdır: "Azərbaycanda Nazirlər Kabineti də daxil olmaqla, sadə taksi sürücüsünün nə işlə məşğul olduğunu yaxşı bilirlər".
Avropalı mütəxəssis vurğulayıb ki, Azərbaycan üçün dünyanın ilk Azad Ticarət Zonasının yaradıldığı Sinqapurun təcrübəsi olduqca uğurlu modeldir: "Sinqapur indi dünyada liman sahəsində böyük nailiyyətlər əldə edib. Bu ölkə Azad Ticarət Zonasını qurarkən ilk dəfə yüngül sənayeni inkişaf etdirməyə başlayıb və böyük uğur qazana bilib. Azərbaycan da bu təcrübədən faydalana bilər".
Mənbə: Report.az