Azərbaycanda aktivləri dondurulmuş şəxslərə həmin vəsaitlərdən qismən istifadəsinə icazə verilib | Banco.az

Azərbaycanda aktivləri dondurulmuş şəxslərə həmin vəsaitlərdən qismən istifadəsinə icazə verilib

 Azərbaycan Nazirlər Kabineti "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul edib. Fiziki və hüquqi şəxslərə bu hüququ Dövlət Təhlükəsizliyi Xidməti (DTX) verir.

 Banco.az “Report”a istinadən xəbər verir ki, qaydalara görə, DTX aktivləri dondurulmuş şəxslərin yazılı müraciətindən sonra 7 gün müddətində dondurulmuş aktivlərdən bir sıra zəruri xərclərə ehtiyacların ödənilməsinə icazə verir. Həmin şəxslər bu aktivlərdən ancaq vergi və rüsumlar, sığorta ödənişləri (həyat yığım sığortası istisna olmaqla), kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri), maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları, fiziki şəxslərin, habelə onların ailə üzvlərinin həyatı üçün zəruri olan qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər, fiziki şəxslərin peşə fəaliyyəti ilə əlaqədar üzvlük haqları, fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə zəruri olan xərclər üçün istifadə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

DTX müraciətin qəbul edildiyi tarixdən 1 gün müddətində aktivləri dondurulmuş şəxsi müraciətin qəbul edilməsi və mövcud prosedur barədə məlumatlandırmalıdır.

Dondurulmuş aktivlərdən istifadə olunmasına dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər.

Həmin aktivlərə dondurulmuş hesablara ediləcək hər hansı ödənişlər və faizlər, hesablar dondurulan dövrə qədər olan müddətdə bağlanılmış müqavilə və yaranmış öhdəlik üzrə ödənişlər, aktivləri dondurulmuş şəxslərin xeyrinə ediləcək hər hansı digər ödənişlər daxildir.

Yeni qaydalara görə, aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslər zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair DTX-nin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et