İnnovativ nağdsız ödənişlərin inkişaf etdirilməsi üçün beynəlxalq standartların tətbiqi çərçivəsində açıq bankçılıq modeli üzrə API standartlarının tətbiq olunması planlaşdırılır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
"Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə institusional mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Sözügedən tədbirlər çərçivəsində şəhər və rayonlarda ictimai nəqliyyatda gediş haqlarının innovativ ödəniş alətləri (bank kartları və mobil bankçılıq həlləri) vasitəsilə qəbulu imkanlarının genişləndirilməsi, təsərrüfat subyektlərində POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, POS- terminalların quraşdırılması mümkün olmayan yerlərdə QR-kod ödəniş həllərinin qəbulu imkanlarının yaradılması kimi layihələr yer almaqdadır. Həmçinin rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi və bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi tədbirləri də davam etdiriləcəkdir", - bəyanatda deyilir.
Həmçinin bildirilir ki, maliyyə infrastrukturunda qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin və səmərəliliyinin artırılması, o cümlədən ISO20022 beynəlxalq standartının tam tətbiqi nəzərdə tutulur.
Ödəniş infrastrukturunda kiber təhlükəsizlik səviyyəsinin gücləndirilməsi də diqqətdə saxlanılacaqdır.
Mərkəzi Bankı bildirir ki, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi 2022-ci ildə də mühüm prioritetlərdən biri olacaqdır.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!