Azərbaycanın maliyyə sektorunda maliyyə savadlığının artırılması və daha çox ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi istiqamətində mühüm islahatlar aparılır. Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) qəbul edilməsi və mühasiblər üçün Peşəkar Mühasib Sertifikatının (PMS) yaradılması ölkədə maliyyə hesabatlarının düzgünlüyünü və şəffaflığının artırılmasına böyük dəstək olur. Bu islahatların nəticəsində, maliyyə təhsili verən kurslara, xüsusi ilə ACCA və PMS imtahanları hazırlığı tədris edən təhsil müəssisələrinə tələbat son 5 il ərzində kəskin şəkildə artmışdır. Tələbatın artması nəticəsində, Maliyyə biliklərini tədris edən təhsil müəssisələrinin və bu müəssisələrdə çalışan təlimatçıların sayıda kəskin dərəcədə artmışdır. Rəqabətin artması tədris qiymətlərini aşağı düşməsi, maliyyə təhsilini tələbələr üçün daha əlçatan edir. Qiymətlərin düşməsi bu sahətə çalışan müəllimlərin gəlirlərini azaltsada, təlimçilərin sayı artmağa davam edir.
Maliyyə təhsili bazarının müəllimlərə nə dərəcədə əlverişli olduğunu anlamaq və ACCA təlimçilərinin saatlıq gəlirlərini öyrənmək üçün biz bu sahədə tanınmış təcrübəli təlimçilərdən müsahibə alaraq hərtərəfli araşdırma apardıq. Fikirlərini aldığımız təlimçilər arasında bir neçə tanınmış olanlarının fikirlərini sizinlə paylaşırıq.
İlk fikrini öyrəndiyimiz təlimçi Xəzər Aslanovdur.
O bu sahadə artıq 3 ildən çoxdur ki fəaliyyət göstərir. Həm fərdi həmdə ölkənin Stimul Education & Consulting, Smart Up kimi tədris mərkəzlərində ACCA müxtəlif imtahanları üzrə dərslər deyib. O, bu sahədə yeni başlayanlar üçün ACCA imtahanından asılı olaraq 1 saat üzrə minimal ödənişin 10-20 AZN arası olduğunu vurğulayır. Xəzərin fikirincə təlimçilər təcrübə qazandıqca və tanınmış kurslarla əməkdaşlıq etdikcə, onlara edilən orta ödənişdə artaraq 1 saat üzrə təxminən 25-40 AZN-ə çatır. Maliyyə, əsasəndə ACCA təlimləri verən, və bu sahədə uzun müddət çalışan və kifayət qədər tanınan təlimçilərin ödənişi 1 saat üzrə ortalama olaraq 70-80 AZN təşkil edir. Çox nadir hallarda təlimçi 1 saata 100-150 AZN ödəniş əldə edə bilər. Belə ödəniş əldə edən təlimçilər adatən çox tanınmış və çox istedadlı mütəxəsislər olur hansı ki, barmaqla saymaq mümkündür. Xəzər bəy bildirir ki, sözü gedən rəqəmlər DipİFR daxil olmaqla bütün ACCA imtahanları üçün keçərlidir. PMS imtahanlarına gəldikdə isə Azərbaycan Dövləti tərəfindən tələb kimi qoyulduğu müddətdən etibarən 2024-cü ilin sonunadək ölkədə fəaliyyət göstərən bütün mühasiblər bu sertifikatı almaq məcburiyyətindərir. Bu səbəbdən ACCA imtahanlarından fərqli olaraq PMS imtahanını vermək insanın tamda öz istəyindən aslı olmaması PMS imtahana olan tələbi dahada artırır. Nəticə etibarı ilə PMS üzrə təlimçilər ACCA üzrə təlimçilərə nisbətən daha çox ödəniş tələb edirlər. Belə ki, PMS imtahanlar üçün 1 saat üzrə orta ödəniş 50-70 AZN arasında dəyişir. Xəzər həmçinin bildirir ki, korporativ müştərilərə keçirilən təlimlər üzrə ödəniş qeyd etdiyi ortalama qiymət 20%-30% daha yüksək ola bilər.
İntervyu götürdüyümüz növbəti tanınmış təlimçi Nigar Talışinskayadır.
O 4 ildən çoxdur ki, əsas iş yerindən əlavə olaraq ACCA təlimləri keçmək ilə məşğuldur. Əvvəllər ölkədə fəaliyyət göstərən qabaqcıl tədris mərkəzləri ilə əməkdaşlıq edib, indi isə fərdi şəkildə tədrislə məşğuldur. Niğar xanımın bildirdiyinə görə maliyyə tədrisi sahəsində az təcrübəsi olan yeni başlayan təlimçilər öz bacarıqlarından və keçdikləri təlimlərin çətinlik dərəcəsindən asılı olaraq orta hesqabla 1 saat üçün 15-25 AZN gəlir əldə edirlər. Bu sahədə uzun müddət təcrübəsi olan müəllimlərin ortalama hesabla aldığı ödəniş isə 1 saat müqabilində 30-50 AZN ətrafında dəyişir. Nigar xanımın bildirdiyinə görə bu sahədə yüksək ödənişlər 1 saat üşün 70-100 AZN arası dəyişir və çox nadir hallarda bu məbləğ 100 AZN-dən yuxarı ola bilər. Adətən 100 AZN ətrafında ödəniş alan təlimçilər həm maliyyə sahəsində, həmdə ACCA tədris etmə sahəsində öz tələbələrinin nəticələrinə, tədris metodikalarına görə çox tanınmış və istedadlı mütəxəsislərdir. Və belə mütəxəssislərin sayı ölkədə çox az olduğundan onlar daha yüksək ödəniş tələb edirlər. DipİFR imtahanları üzrə isə müəllimə edilən 1 saatlıq saatlıq ödəniş orta hesabla 35-50 AZN ətrafında dəyişir. Aparıcı mütəxəsislər isə eynilə ACCA imtahanlarında olduğu kimi 1 saat üçün 70-100 AZN gəlir əldə edə bilərlər. DipİFR-da ACCA tərəfindən keçirildiyinə görə təlimçilərə bu imtahana görə edilən ödənişlər də digər ACCA imtahanları ilə demək olar eynidir. PMS imtahanlarına gəldikdə isə Nigar xanım bildirir ki, ACCA imtahanlarına baxmış bu imtahanların Azərbaycan dilində keçirilməsi və ölkədə bu imtahanlar ilə bağlı dövlət tərəfindən qoyulmuş tələblər PMS imtahanına olan tələbatı dahada yüksək edir. Bu səbədən PMS tədris edən təlimçilər 1 saat üzrə ortalama 65-75 AZN ödəniş alırlar. Nigar xanımın onu da əlavə etdi ki, korporativ müştərilərə keçirilən dərslərdə isə bu məbləğ yuxarıda qeyd edilən məbləğdən 30%-40% daha artıq təşkil edir .
Suallarımızı cavablandıran digər təlimçi isə Azərbaycanda həm maliyyə, həm də tədris sahəsində böyük təcrübəyə malik gənc və iddialı ACCA mütəxəssisi Mirşahin Ağayevdir.
Bir aparıcı mütəxəssis kimi o gənc yaşına baxmayaraq öz karyerasında qısa zaman ərzində yüksəlməyə nail olub. Mirşahin bəy ölkənin İmza Group kimi aparıcı kurslarında təlimçi kimi fəaliyyət göstərib hal hazırda isə digər təhsil mərkəzləri ilə əməkdaşlıq edir. Hal hazırda Gənc Mühasiblər İctimai Birliyində ACCA, PMS və digər maliyyə yönümlü dərslər tədris edir. Mirşahin bəyin fikrinə görə ACCA üzrə təlim fəaliyyətinə yeni başlayan bir mütəxəsis üçün tədris ediyi hər saat üzrə bazarda ortalama olaraq 20-30 AZN aralığında ödəniş nəzərdə tutulub. Eyni zamanda uzun müddət tədris təcrübəsinə malik və tanınmış mütəxəssislər ortalama olaraq saat hesabına görə 40-60 AZN ödəniş əldə edirlər. Bu sahədə zirvədə olan təlimçilər isə 1 saat üçün 100 AZN ətrafında ödəniş əldə edirlər. DipİFR imtahanlarına gəldikdə isə Mirşahin bəyin fikrinə görə bazarda ortalama olaraq 1 saat üçün ödəniş 30-50 AZN arasında dəyişir. Bu sahədə yüksək istedadlı, tanınmış aparıcı mütəxəsislər isə 1 saat üçün 100 AZN ətrafında ödəniş əldə edə bilərlər. PMS imtahanları barədə isə Mirşahin bəy bildirir ki, bazarda təlimçinin aldığı ortalama ödəniş 1 saat üçün orta hesabla 70-80 AZN təşkil edir. Mirşahin bəyin fikrincə korporativ müştərilərə göstərilən təlimlər üzrə ödənişlər adətən ortalamadan 30-50% daha yüksəkdir.
Müsahibəmizdə iştirak edən digər təlimçi isə ölkədə maliyyə sahəsi üzrə aparıcı və tanınmış mütəxəsislərdən və təlimçilərdən biri olan Orxan Talıbzadədir.
Orxan bəy Azərbaycanın Bridge Academy, ARPA, Stimul Education & Consulting, Tap Öyrən platforması kimi aparıcı tədris mərkəzləri ilə ACCA və maliyyə təlimçisi kimi əməkdaşlıq edir. Orxan bəyin tələbələri arasında ölkənin aparıcı şirkətlərinin şöbə müdürləri və direktorları var. Onun fikirinə əsasən ACCA təlimləri üzrə 1 saata düşən başlanğıc səviyyədə ödəniş 20-25 AZN ətrafındadır. Əksər təlimçilər isə ortalama olaraq 30-35 AZN əldə edirlər. Bu sahədə tanınmış aparıcı təlimçilərin ödənişi isə 70-80 AZN təşkil edir və bəzi nadir hallarda 100 və daha yuxarı ola bilər. DipİFR imtahanları üzrə Orxan bəy bildirir ki, 1 saat üzrə ortalama ödəniş 30-40 AZN ətrafındadır, aparıcı tanınmış mütəxəsislər isə 1 saat üzrə 80-100 AZN əldə edə bilərlər, çox nadir hallarda bu məbləğdən 100 AZNdən yuxarı ola bilər. PMS imtahanla gəldikdə isə Orxan bəyin fikrincə təlimçilər 1 saat üçün orta hesabla 50-80 AZN nəvacib əldə edirlər.
Fikirni paylaşmaq istədiyimiz sonuncu şəxs ACCA və PMS təlimləri üzrə ölkədə çox tanınmış mütəxəssislərdən biri Simnar Paşazadədir.
Simnar Bridge Academy, ARPA, Flag Academy, İmza Group kimi tanınmış tədris mərkəzləri ilə əməkdaşlıq edir. Onun fikrinə görə ölkədə ACCA tədris etməyə başlayan mütəxəsislərin aldığı saatlıq ödəniş 15-25 AZN arası, bazar üzrə ortalama ödəniş isə 25-50 AZN arası dəyişir. Yüksək qiymətləndirilən mütəxəssislərin aldığı ödəniş isə 70-100 AZN ətrafındadır. DipİFR imtahanlarına gəldikdə isə o bildirib ki, ortalama 1 saat üzrə ödəniş 40-50 AZN ətrafında, bu sahədə qeyriadi istedada malik mütəxəsislər isə 1 saat üçün ortalama olaraq 80-120 AZN ətrafında ödəniş əldə edə bilərlər. Simnar bəyin verdiyi məlumatlara görə PMS imtahanları üzrə təlimçilərin aldığı 1 saat üzrə ödəniş 80-100 AZN təşkil edir. Simnar bəyin bildirdiyinə görə korporativ müştərilər üçün də qiymətlər təxmini bu aralıqdadır.
Yuxarıda paylaşdığımız və digər suallarımızı cavablandıran mütəxəssislərin fikirini cəmləyərək onu deyə bilərik ki Azərbaycanda ACCA və PMS təlimçilərinin əldə etdiyi gəlirlər onların təcrübəsindən, popularlığından, tədris metodikalarından və onların tələbələrinin göstərdiyi nəticələrdən asılıdır. Belə ki, ACCA imtahanlarını yeni tədris etməyə başlayan müəllimlər orta hesabla 1 saat ərzində 20 AZN, Orta təcrübəyə malik və nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlıq edən müəllimlər isə 35 AZN qazanc əldə edirlər. Popular və qeyriadi istedada malik müstəsna təlimçilər üçün isə 1 saat üzrə ortalama gəlir 100 AZN-ə çata bilər. DipIFR imtahani üzrə bazar üzrə təlimçinin ortalama saatliq qazancı 40 AZN ətrafındadır. Yüksək sayılan ödəniş isə ortalama olaraq 1 saata 80-100 AZN təşkil edir. Korporativ müştərilər üçün tədris üzrə ödəniş təxmini 40% daha yüksək olur. PMS imtahanları üzrə təlimçilərə edilən 1 saat üçün orta ödəniş isə 75 AZN təşkil edir.
Azərbaycanda maliyyə təhsili bazarı inkişaf etməyə davam etdikcə, ACCA-nın təcrübəli müəllimləri maliyyə sektorunda bacarıqlı işçi qüvvəsinin yaradılmasına müsbət təsir göstərmək və töhfə vermək üçün geniş imkanlar tapırlar. Bazarın rəqabət qabiliyyəti və maliyyə savadlılığına artan tələbat həm həvəskar, həm də təcrübəli müəllimlər üçün bu dinamik sahədə inkişaf etmək üçün maraqlı perspektivlər təqdim edir.
(Qeyd: Bu nəticədə təqdim olunan 1 saatlıq gəlir təxminləri təcrübəli təlimçilər tərəfindən paylaşılan fikirlərə əsaslanır və məqalənin dərc edilmə tarixinə etibarlıdır. Göstəricilər bazardakı şəraitə, bazar dinamikasına, təlimçinin bacarıqlarına görə zaman keçdikcə dəyişə bilər. Təlimçi olmaq istəyənlər öz ödəniş strukturlarını müəyyən etmək üçün hərtərəfli araşdırma aparmağa təşviq edilir.)
Müəllif: Murad Əkbərov
Bizi sosial şəbəkələrdən izləyin!!