Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Komitədən verilən məlumata görə, hərracda 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib.
Hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhərinin Kəpəz rayonunda yerləşən, 129 kv.metr sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kv.m-dən 100 kv.m-dəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kv.m sahəsi olan qeyri-yaşayış obyektidir.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, adıçəkilən əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46,5 min manata satılıb. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.
“Cəlilabad Taxıl” ASC-nin satışı üzrə də hərrac rəqabətli olub.
Qeyd edək ki, ƏMDK sentyabrın 14-dən açıq hərraclar keçirir və indiyədək 12 belə hərrac olub. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Bununla yanaşı, ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli fərmanına əsasən Nazirlər Kabineti yeni dövlət müəssisələrinin özəlləşməyə açılması ilə bağlı sərəncam verib. Ümumilikdə, 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb.
Mənbə: Report.az