Azərbaycan xarici bazara fındıq ixracını çoxaltmaq istəyir - AÇIQLAMA | Banco.az

Azərbaycan xarici bazara fındıq ixracını çoxaltmaq istəyir - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünya fındıq bazarında  növbəti 5 il ərzində fındıq satışı 47,6 % artaraq 2029-cu ilə qədər 756,7 milyon ABŞ dollarına çatacaq. Rəsmi məlumatlara görə, 2024-cü il üçün gözləntilər  512,62 milyon ABŞ dolları civarındadır.

Azərbaycan dünya fındıq bazarında dördüncü yerdə qərarlaşıb. Cari ilin ilk 6 ayında ölkəmizdə 51,9 milyon manat dəyərində, ümumilikdə 8 425 ton fındıq ləpəsi istehsal edilib.Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov  açıqlamasında bildirib ki,   2024-cü ildə orta hesabla 65-70 min ton qabıqlı fındığın istehsal ediləcəyi gözlənilir. Mütəxəssis qeyd edib ki,  fındıq ləpəsinin nə qədər olacağı daxili bazardan  asılı olsa da,  70 min ton fındıqdan 25 min ton ləpənin emal ediləcəyini gözləyirlər. Bir hissəsi daxili bazar üçün nəzərdə tutulan məhsulunun  ixrac edilən ləpə hissəsinin çəkisi 19-20 min tonu keçəcək.

Ən sərfəli kredit üçün müraciət et

İsmayıl Orucov xarici bazarlara çıxış imkanları məsələsinə də toxunub:

“Hazırda Hindistan və Çin kimi böyük bazarlara, fındıq ixracı hazırda real deyil. Bunun əsas səbəbi isə bu ölkələrdə fındıq istehlakının həcminin Avropa ölkələri ilə müqayisədə çox aşağı səviyyədə olmasıdır. Yaponiya il ərzində cəmi 1 000 ton fındıq idxal edir ki, bu rəqəm Azərbaycanda fındıq sahəsi ilə məşğul olan müəssisələrin 60-70 %-lik gücünə bərabərdir. Hindistan və Pakistan isə çox kiçik miqdarda fındıq idxal edir. Pakistan il ərzində cəmi 40 ton fındıq tədarük edir. Beləliklə, fındıq əsasən Almaniya, İsveçrə, Fransa, Belçika və İtaliya kimi şokolad istehsal edən Avropa ölkələrinə ixrac olunur. Bu səbəbdən, qeyri-Avropa bazarlarına ümid etməyimiz hal-hazırda real görünmür."

Qeyd edək ki,  2023-cü ildə Azərbaycanda ümumilikdə 75 min 409 ton fındıq istehsal olunub. Bunun 23 min 397 tonu isə 22 müxtəlif ölkəyə ixrac edilib. Bu ixracın 54 %-i Rusiyaya tədarük olunub, daha sonra ilk beşlikdə Almaniya, İtaliya, İsveçrə və Türkiyə yer alıb.