Azərbaycan üçün 250 milyon dollarlıq kredit təsdiq edildi | Banco.az

Azərbaycan üçün 250 milyon dollarlıq kredit təsdiq edildi

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı II” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) üzrə Azərbaycana 250 milyon dollar məbləğində ikinci kreditin ayrılmasını təsdiq edib.  

Xəbər verildiyi kimi, bu Proqram dövlət sektorunda idarə edilmənin yaxşılaşdırılması və iqtisadiyyatın şaxələndirilməsinə yönəlib. Azərbaycan hökuməti hüquqi və institusional strukturlarda islahatlar həyata keçirərək həm də işgüzar mühitin və kiçik və orta müəssisələrin maliyyəyə çıxışının yaxşılaşmasına imkan yaradır.

Bankdan qeyd edilib ki, Proqramın ikinci mərhələsinin reallaşdırılması üçün kredit vəsaiti 15 il müddətinə ayrılacaq.

Bu Proqram çərçivəsində Azərbaycan dövlət maliyyələşdirilməsi, dövlət şirkətlərində və maliyyə sektorunda korporativ idarə edilmənin yaxşılaşdırılması sahəsində 22 islahat reallaşdırıb. AİB-in qiymətləndirmələrinə əsasən, həyata keçirilən əsaslı islahatlardan biri dövlət şirkətlərində korporativ standartların tətbiqi ilə əlaqədar olub.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üçün Azərbaycana 250 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadiyyatı şaxələndirməyə imkan yaradacaq.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya 4 mlrd. dollardan çox kredit ayırıb.

“İnterfaks-Azərbaycan”

Ən sərfəli krediti almaq üçün müraciət et