“Azərbaycan turizm sahəsində müşahidə edilən tempi qorumaq mütləqdir” – Ekspert | Banco.az

“Azərbaycan turizm sahəsində müşahidə edilən tempi qorumaq mütləqdir” – Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafına çox investisiyalar yatırılıb, infrastruktur qurulub. Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların, çoxlu turistik şirkətlərin, informasiya və reklam strukturlarının varlığı, kadrların hazırlığı buna sübutdur”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Pərviz Heydərov son günlər ölkədə turist axınının çoxalması ilə bağlı danışarkən vurğulayıb.

Ekspert bu sahədə mövcud olan problemləri də dilə gətirərək qeyd edib ki, bu sahədə bərpa sürəti təmin edildikdən sonra,  tələb olunan tempi qoruyub saxlamaqdır:

“2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsinə səbəb oldu. Bu  Yaxın Şərq ölkələrindən gələnlərin hesabına da bir qədər artdı.  2017-2018-ci illərdə ölkəyə gələnlərin arasında ərəblər üstünlük təşkil edirdilər.Ümumiyyətlə,  turizm sektorunda idarəetmədə, qiymət siyasətində, istifadəsi məqsədəuyğun sayılan obyektlərin seçimində bir sıra məsələlər ciddi yanaşma tələb edir. Ölkəmizdə turizmin inkişafı qlobal tendensiyaya uyğun olsa da, hər sahədə olduğu kimi, burada da rəqabət əsas şərt sayılır. Daha yaxşı nəticə üçün orta göstərici əsas sayılmalı deyil, qonşu ölkələrdə vəziyyət diqqət mərkəzində saxlanılmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, hotellərdə orta qiymət yanvarda 87,5 manat, fevralda 102,6 manat, martda 133,3 manat, apreldə 131,67 manat, mayda 131,75 manat təşkil edib. Bu rəqəmlər 2023-cü ilin eyni ayları ilə müqayisədə 7,3%, 29,3%, 43,3% və 37,7% çoxdur.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, xarici turistlərin cəlbində Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün əsas prioritetlərimizdən sayılır.

Pərviz Heydərov qeyd edib ki,  yerli və xarici turistlərə yanaşmada qiymət siyasəti və tarif tətbiqində balansı qorumasaq, ölkəmizin turizm potensialından heç vaxt düzgün istifadə edə bilməyəcəyik:

“Turizm sektorunda qiymət xidmət səviyyəsinə uyğun olmalıdır. Bu, olduqca ciddi məsələdir. Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz”.

Ən sərfəli krediti almaq üçün müraciət et