Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) rəhbərliyində dəyişiklik olub. Banco.az "Report"a istinadən xəbər verir ki, Bankın İdarə Heyətinin (İH) sədr müavini Ramin Kərimov işdən çıxıb.
Onun yerinə hələ ki, təyinat olmayıb.
R.Kərimov 2008-ci ildən ASB-də çalışıb, 2013-cü ildən İH-də təmsil olunub. Onun öz istəyi ilə vəzifəsindən azad edildiyi bildirilir.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.