Azərbaycan qlobal pandemiyaya qarşı mübarizə tədbirlərinin icrasını davam etdirir | Banco.az

Azərbaycan qlobal pandemiyaya qarşı mübarizə tədbirlərinin icrasını davam etdirir

İqitsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitki Ayaz Museyibovun şərhini təqdim edirik.

İqtisadi dəstək proqramının icrası

2020-ci il 19 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Sərəncam imzalandı. Müvafiq Sərəncam əslində qlobal pandemiyaya qarşı müvbarizənin bütün hüquqi və normativ çərçivəsini formalaşdırmış oldu. Sözügedən Sərəncamda nəzərdə tutulmuş tapşırıqların icrası çərçivəsində 4 əsas istiqamət üzrə işçi qruplar formalaşdırıldı və pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sektorlarının, sahibkarlıq subyektlərinin və sadə vətəndaşların mənfi təsirlərdən qorunması üzrə müvafiq mexanizmlərin formalaşdırılmasına başlanıldı.

2020-ci ilin 04 aprel tarixində isə Nazirlər Kabineti müvafiq Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq etdi. Qısa zaman ərzində müvafiq istiqamətlər üzrə işlərə başlanıldı və aidiyyəti sahələr üzrə hesablama və araşdırılmalar aparılmaqla dəstək proqramının icrasına başlanıldı.

Belə ki, ilkin olaraq, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verilib. Müəyyənləşdirilmiş mexanizmlər çərçivəsində müraciət qaydaları və vəsaitlərin köçürülməsi müəyyənləşdirilib, müraciətlərin qəbulu və maliyyə vəsaitlərinin köçürülməsinə başlanılıb. Qeyd edək ki, bu tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi təmin ediləcəkdir. Artıq aidiyyəti dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinin müraciətlərinin asanlaşdırılması ilə bağlı xüsusi proqram təminatı hazırlanıb və istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Tibbi və sosial dəstək tədbirləri

Pandemiyanın zərərlərinin minimuma endirilməsi üçün səhiyyə sisteminə dəstəyin göstərilməsi istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, 2020-ci il 07 aprel tarixli “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması və bu məqsədlə 14,8 milyon manat büdcə vəsaitinin ayrılması təmin edildi. Əlavə olaraq, 2020-ci il 09 aprel tarixində isə “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün əlavə 97 milyon manat maliyyə vəsaiti ayrıldı. Həmçinin, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərə və könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödənilməsi barədə qərar və səhiyyə işçilərinin əməkhaqlarının 5 dəfəyə yaxın artırlması barədə qərarlar qəbul olunub.2020-ci il 7 aprel tarixində “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Qərar təsdiq olunmaqla  müvafiq mexanizmin işləmə forması müəyyənləşdirildi. Qeyd edək ki, ölkənin coğrafi regionları üzrə müəyyən olunmuş qrafikə uyğun olaraq müraciətlərin qəbulu və ödənişlərin keçirilməsinə başlanılıb. Cari tarixə 35 min işsiz şəxsə birdəfəlik ödəmənin verilməsi məqsədilə bank filiallarına və poçt şöbələrinə vəsaitlərin köçürülməsi təmin edilib. Digər regionlar üzrə də müvafiq müraciət prosedurları icra edildikcə ödənişlərin icrası davam etdiriləcək.

Kənd təsərrüfatı və aqrar sahəyə xüsusi dəstək tədbirləri davam etdirilir.

2020-ci il 08 aprel tarixli “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı pandemiyanın vurduğu zərərlərdən kənd təsərüffatı sisteminin qorunması istiqamətində atılmış növbəti dəstək mexanizmidir.  Belə ki, müvafiq dəyişikliklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə aqrar sahədə kredit təminatların verilməsi mexanizmi formalaşdırıldı. Yeni dəyişikliklərin ən mühüm cəhətləri aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddətinin əlavə 1 il artırılması, kredit məbləğlərinin isə 3 dəfə artırılması imkanlarıdır. Digər tərəfdən, yeni mexanizm AKİA-nın vəsaitləri vasitəsilə verilmiş kreditlərin verilməsində banklara tətbiq olunan faiz  dərəcəsi üzrə yuxarı limit təyin edir. Belə ki Agentlik Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının AKİA-nın kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır. Xüsusilə də Qaydada nəzərdə tutulmuş təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanacaqdır ki, bu da bank risklərinin azalması və bu sahəyə daha çox maliyyə resurslarının ayrılmasına imkan yaradacaqdır. 

Bu fərmanların verilməsi hazırki şəraitdə kənd təsərrüfatı sahəsinə verilən kreditlərin ekspansiyasına səbəb olmaqla birlikdə, bank sisteminin müvafiq sahə üzrə risklərinin azalması, aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışının təmin edilməsinə də əsaslı imkan yaratmış oldu. Digər tərəfdən, müvafiq mexanizmlərin tətbiqi, kənd təsərrüfatı sisteminin və aqrar sahə iştirakçılarının stimullaşdırılmasıdır ki, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcəkdir.