"Azərbaycan Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir" | Banco.az

"Azərbaycan Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır. Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub".

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb: "İki ölkə arasındakı sərmayə qoyuluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.

Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cari ilin yanvar ayında Türkiyə ilə ticarət dövriyyəmiz 475 milyon 522 min ABŞ dolları dəyərində olub. Bunun da 305 milyon 38 min ABŞ dolları ixracın, 170 milyon 484 min ABŞ dolları isə idxalın payına düşüb. 

Bu ölkə ilə ticarət dövriyyəmiz 2023-cü ildə 7,7 milyard dollar, 2022-ci ildə 5,8 milyard dollar, 2021-ci ildə isə 4,7 milyard dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram