Azərbaycan noyabrın 5-10-da Şanxaya (Çin) ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
"5-10 noyabr tarixlərində Şanxay şəhərinə ixrac missiyası təşkil olunacaq. Missiyanın tərkibinə qida məhsulları, şərab və spirtli içkilər istehsal edən şirkətlərin nümayəndələri daxil olacaq", - deyə məlumatda bildirilir.
Missiyada iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 12-dək təqdim edə bilər.
Fondun məlumatına görə, missiyada iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir. Müsabiqənin nəticələri iyulun 30-da elan olunacaq.
Seçim bir neçə meyar üzrə həyata keçiriləcək: təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı sahəsində təcrübə.
Bundan əlavə, 5-10 noyabr tarixlərində Şanxayda "2019 China International Import Expo" ərzaq sərgisi keçiriləcək. Sərgidə Azərbaycan vahid stendlə təmsil olunacaq. AZPROMO qeyd edir ki, stenddə təmsil olunan şirkətlərin maksimum sayı 30-dan artıq olmayacaq.
Bununla əlaqədar AZPROMO öz məhsullarını vahid stenddə nümayiş etdirmək istəyən şirkətlər üçün də müsabiqə elan edib. Sərgidə iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 12-dək təqdim edə bilərlər.
Qeyd edək ki, AZPROMO 13-18 may tarixlərində də Şanxaya ixrac missiyasını təşkil etməyi planlaşdırır.
Marja