Azərbaycan manatı üçün təhlükə törədən risk amilləri hansılardır? | Banco.az

Azərbaycan manatı üçün təhlükə törədən risk amilləri hansılardır?

"Azərbaycan manatı üçün bir neçə risk amili mövcuddur. Məsələ ondadır ki, manat sərbəst dövriyyəli valyuta hesab olunmur. Belə bir şəraitdə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan manatı üçün başlıca risk amili kimi qiymətləndirilir. Əgər neftin qiyməti 100 dollardan aşağı səviyyədə qərarlaşsa, yəni qiymət 60-80 dollar arasında dəyişsə və qiymət səviyyəsi bir neçə ay müddətində dəyişilməz olaraq qalsa, o zaman bu vəziyyət ciddi problemlərin meydana gəlməsi ilə nəticələnə bilər". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, "qara qızıl"ın qiymətində qeydə alınan azalmadan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) öz siyasətini yenidən gözdən keçirmək məcburiyyətində qalacaq. "Neftin qiymətinin həddindən çox artması da manat üçün təhlükə törədə bilər. Nə qədər paradoksal səslənsə də, bu belədir. Əgər neftin qiyməti 2008-ci ildə olduğu kimi 140 dollara qədər yüksəlsə, o zaman bu vəziyyət manatın həddindən artıq bahalaşması ilə nəticələnəcək və beləliklə, ciddi fəsadlar qaçılmaz olacaq", deyə ekspert bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Samir Əliyevin fikrincə, Azərbaycana qonşu olan ölkələrdə baş verən hadisələr də manat üçün təhlükə törədən risk amili qismində çıxış edir. "Məlumdur ki, hal-hazırda valyuta müharibələri bütün dünyanı bürüyüb. Bəzi ölkələr ixracın stimullaşdırılması məqsədilə bilərəkdən öz valyutasının məzənnəsini aşağı salır. Əgər valyutanın məzənnəsini bilərəkdən aşağı endirən ölkələr Azərbaycanın başlıca ticarət tərəfdaşlarıdırsa, o zaman bu vəziyyət Azərbaycanda istehsalının rəqabət qabiliyyətinin azalması ilə nəticələnəcək. Çünki sözügedən vəziyyət idxalı stimullaşdırdığı təqdirdə, ixracı məhdudlaşdırır", deyə ekspert əlavə edib.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et