Azərbaycan Kredit Bürosu (Büro) əhatə dairəsinin genişləndirilməsi, məlumat istifadəçilərinin daha geniş informasiya ilə təmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirmişdir. Tədbiri giriş sözü ilə açan Büronun Baş direktoru Elçin Həbibov iştirakçılara Büronun fəaliyyəti və bu müddət ərzində təqdim edilmiş xidmətlər haqqında məlumat vermişdir. Baş direktor eyni zamanda çıxışında kredit məlumatlarının mübadiləsi sisteminin biznes subyektlərinin risklərinin azaldılmasındakı rolu barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Görüşdə Büronun əməkdaşları Büronun xidmətləri və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan plan və addımlar haqqında təqdimatlarla çıxış etmiş, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə interaktiv müzakirələr aparılmışdır.
Qeyd edək ki, Büro tərəfindən ilkin olaraq lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onların Büroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaqdır.
Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.
Qeyd olunan məsələlərlə bağlı əlavə sualınız olarsa, Büroya (e-mail:office@acb.az, tel:99412-597-30-55) müraciət edə bilərsiniz.