Azərbaycan İslam maliyyələşməsi sahəsində MDB-də lider olub | Banco.az

Azərbaycan İslam maliyyələşməsi sahəsində MDB-də lider olub

Behnam Qurbanzadə: Azərbaycan İslam maliyyələşməsi sahəsində MDB-də lider olub

"Bu gün Azərbaycanda müstəqil statusa malik hüquqi şəxs və ya törəmə müəssisə kimi İslam bankının fəaliyyət göstərməsinə qanunvericilik imkan vermir. Lakin bəzi İslam maliyyələşməsi məhsulları var ki, bunlar üzrə qanunvericiliyin və Mərkəzi Bankın bütün tələblərinə əməl edərək xidmət göstərmək mümkündür. Bunu Azərbaycan Beynəlxalq Bankında (ABB)işləyərkən həyata keçirmişik".

Bunu "Report"a açıqlamasında İslam maliyyələşməsi üzrə ekspert, ABB-nin İslam bankçılığı Departamentinin sabiq direktoru Behnam Qurbanzadə deyib.
ABB-nin keçmiş departament rəhbəri adıçəkilən bankdan ayrılmasının səbəblərini də açıqlayıb: "Bildiyiniz kimi, ABB-yə yeni rəhbərlik gəlib və yeni strategiya tətbiq edilib. ABB-nin yeni təşkilati strukturu işlənilib, lakin İslam bankçılığı yeni təşkilati strukturda öz əksini tapmayıb və bu, təsisçilərinqəbul etdiyi qərarla bağlıdır. Bankdan da dost kimi ayrılmışıq və hazırda da münasiblətlərimiz, qarşılıqlı dəstəyimiz davam edir. İnanıram ki, nə vaxtsa Azərbaycanda İslam bankçılığı platforması yaradılarsa, ABB bu sahədə ölkənin nömrə bir bankı olacaq, çünki artıq bu məhsul və xidmətlərlə bağlı uğurlu təcrübəsi var", - deyə ekspert qeyd edib.

B.Qurbanzadə deyib ki, Azərbaycan İslam bankçılığı üzrə regionda lider mövqedə olub: "Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Rusiya ilə müqayisədəAzərbaycan bu sahədə ilk mövqedə olub. Bizdə mövcud qanunvericilik çərçivəsində yeni model tətbiq edilmişdir. İslam pəncərəsi ancaq İslam bankçılığı xidmətləri göstərirdi və daxili resurslardan istifadə etmirdik. İlkin addımlar xaricdən cəlb edilən vəsaitlər üzərində qurulmuşdur. 2013-2014-cü illərdə ABB-nin xəzinədarlığı nəzdində İslam bankçılığı xəzinədarlığı qurulmuşdur və bu iki il ərzində 690 mln. ABŞ dolları civarında xaricdən vəsait cəlb etmişdik. Onun da müqabilində yerli bazardan depozit portfelimiz 36 mln. dollara yaxın olub. Ümumilikdə 3 000-dən artıq müştərimiz olub vəbirinci ildən sonra mənfəətə çıxdıq. Azərbaycan artıq MDB regionunda "hub"a çevrilmişdir".

Ən sərfəli kredit üçün müraciət et

"İki il ərzində cəlb edilən bütün vəsaitlər ABB-nin fəaliyyətində öz əksini göstərirdi. Böyük bir portfelimiz BƏƏ ilə ticarət əlaqələri ilə bağlı olub. Artıq departament öz fəaliyyətini dayandırdıqdan sonra müddəti başa çatan depozitlər müştərilərə ödənilib, xaricdən cəlb edilən vəsaitlər isə tam həcmdə kreditorlara qaytarılıb", - deyə B.Qurbanzadə əlavə edib.

"ABB-dən ayrılandan sonra bizim komandanın "Amrahbank" ASC ilə qısamüddətli layihəsi olub. Əsas işimiz ondan ibarət idi ki, "Amrahbank" üçün İslam bankçılığı imkanlarını araşdıraraq, xüsusi bir biznes strategiya hazırlayaq", - deyə ekspert vurğulayıb.

B.Qurbanzadənin sözlərinə görə, İslam bankçılığı "Amrahbank"dabir fəaliyyət növü kimi nəzərdə tutulmuşdur, lakin bəzi bu sahədə əməliyyatları bahalı olduğu üçün "Amrahbank"da bu strategiya reallaşmayıb: "Biz layihəni hazırladıq və sifarişçiyə təqdim etdik. Lakin bəzi biznes prosesləri bahalı olduğuna və bankın təcrübəli, ixtisaslaşmış kadrları olmadığına görə, bu layihə özünü doğrultmayıb".

İndiki fəaliyyəti haqqında danışan B.Qurbanzadə hazırda İslam bankçılığı ilə konsaltinq xidmətləri göstərdiyini açıqlayıb: "ABB kimi bankın tərkibində 12 il işləmişəm. Ondan sonra yerli bir sıra şirkətlərlə əməkdaşlıq etmişəm. Hazırda Dubayda yerləşən FBS (Flexible Business Solutions) maliyyə konsaltinq şirkətində payçı və CEO kimi çalışıram. Bu şirkət vasitəsi ilə MDB ölkələrində İslam bankçılığı üzrə konsultasiya, yeni məhsulların işlənib hazırlanması xidmətlərini də göstəririk".

Ən sərfəli krediti almaq üçün müraciət et