Azərbaycan iqtisadiyyatı üçün başlıca risk | Banco.az

Azərbaycan iqtisadiyyatı üçün başlıca risk

“2014-2015-ci illər üzrə Azərbaycanda qısamüddətli iqtisadi perspektivlər əlverişlidir”.

“Marja”nın məlumatına görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi səfərinin sonuna dair bəyanatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda ÜDM-in 5%, qeyri-neft sektoru üzrə ÜDM-in 8% civarında artımı, inflyasiya dərəcəsinin isə tək rəqəmlə ölçülən aşağı səviyyədə olması gözlənilir. Qlobal perspektivin və formalaşmaqda olan əsas bazarlardakı vəziyyətin mümkün pisləşməsi ilə əlaqədar olaraq neftin qiymətinin enməsi başlıca riskdir.

BÜDCƏ KONSOLİDASİYASI STRATEGİYASI HƏYATA KEÇİRİLMƏLİDİR

Raca Almarzoqi qeyd edib ki, BVF 2014-cü ilin təsdiq edilmiş büdcəsində nəzərdə tutulan daha sərt büdcə-vergi siyasətini alqışlayır, bunun ardınca ortamüddətli dövr üçün qərarlı büdcə konsolidasiyası strategiyası həyata keçirilməlidir. Bu, özəl investisiyalar üçün maliyyə vəsaitinə yer aça və nəticədə, iqtisadiyyatı neftdən asılılıq olmadan şaxələndirməyə kömək edə bilərdi.

Ən sərfəli kredit üçün müraciət et

“Büdcənin konsolidasiyasında məqsəd büdcənin neft gəlirlərindən asılılığını azaltmaqdır. Yəni, Dövlət Neft Fondu getdikcə büdcəyə daha az töhfə verməlidir. Özəl sektorun iqtisadiyyata daha çox yatırım etməsi üçün şərait yaradılmalıdır. Bu, neft gəlirlərinin daha uzun müddətdə saxlanılmasına, eləcə də gələcəkdə neftin qiymətinin dəyişmələrinə qarşı hökumətin “bufer” yaratmasına kömək edəcəkdir. Buna nail olmaq üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin həcmi və dövlət xərcləri  azaldılmalıdır. Dölət xərclərinin əhəmiyyətli azaldılması üçün müxtəlif üsullar var. Məsələn, dövlət investisiyalarının səmərəliliyi yüksəldilə, investisiya layihələri prioritetləşdirilə bilər. Paralel olaraq biznes mühiti yaxşılaşdırılarsa, bizim gözləntilərimizə görə, özəl investisiyalar artar və bu da iqtisadiyyatın daha sağlam formada artımına rəvac verə bilər”,- missiya rəhbəri bildirib.

Mənbə: marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et