Azərbaycan investisiya ixracatçısına çevrilib | Banco.az

Azərbaycan investisiya ixracatçısına çevrilib

Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən xəbərə görə, iclasda Azərbaycan və Almaniya tərəfindən İşçi Qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri, İşçi Qrupun həmsədri Samir Vəliyev Azərbaycan-Almaniya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

“Bu gün Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi iştirak edirlər. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 760 mln. ABŞ dolları həcmində investisiya qoyulub. 2013-cü və bu ilin ötən dövründə iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir”.

Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verən Samir Vəliyev bildirib ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 174 mlrd. ABŞ dollarından çox investisiya qoyulub.

“Bunun da yarısı xarici investisiyaların payına düşür. Xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Artıq Azərbaycan investisiya ixracatçısına çevrilib. Son 10 ildə ÜDM 3,2 dəfə, investisiya qoyuluşu 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artıb”.

Ən sərfəli kredit üçün müraciət et

Gün.Az