Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox turist gəlib.
Banco.az xəbər verir ki, gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, artıb.
Bu barədə açıqlama verən iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır.
“2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir”.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına dair konfransında çıxışı zamanı bildirmişdi ki, 2023-cü ilin yanvar–avqust ayında Azərbaycana 1.344 mindən çox əcnəbi qonaq səfər edib ki, bu da postpandemiya dövründə ölkə turizminin sürətlə bərpa olunduğunu deməyə əsas verir.
Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, 2026-cı ilə qədər Azərbaycana səfər edən əcnəbilərin sayının 4 milyon nəfərə çatdırmağı, eləcə də növbəti 4 il ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumi daxili məhsul istehsalının 2019-cu illə müqayisədə hər il 1.5 dəfə artımağı hədəflədiklərini diqqətə çatdırıb. Agentlik sədri, həmçinin ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayının 6 milyon nəfərə, 2026-cı ildə ümumi turist xərcləmələrinin miqdarını isə 10 milyard manata çatdırmaq niyyətində olduqlarını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!