Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə verməkdir.
Cari ilin 8-9 oktyabr tarixlərində Bakı şəhərində ilk dəfə Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçiriləcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbir “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.
İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Forum konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfransda qida, turizm, maliyyə və s. kimi istiqamətlər üzrə inkişaf perspektivləri, müvafiq sahədə standartlaşdıma məsələləri müzakirə ediləcək, təcrübə mübadiləsi aparılacaq. Konfrans çərçivəsində panel müzakirələr də təşkil ediləcək. Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq.
Ümumilikdə forumda dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edəcəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!