Azərbaycan fındıq istehsalı üzrə ilk beş ölkə sırasındadır | Banco.az

Azərbaycan fındıq istehsalı üzrə ilk beş ölkə sırasındadır

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Hazırda Azәrbaycan dünyanın 5 aparıcı fındıq istehsalçısı vә ixracatçısından biridir.

Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının 2022-2023-cü illər üzrə hesabatına istinadən xəbər verir ki, ölkə qlobal istehsalçılar arasında 4-cü yerdədir.

Banco.az-ın məlumatına görə, bu dövrdə Azərbaycanda 24 min ton qabığı soyulmuş fındıq istehsal edilib. Ölkəmizin dünya istehsalında payı 4 faiz təşkil edir.

İlk üçlüyə isə Türkiyə (415,3 min ton – 71 faiz), İtaliya (38,7 min ton – 7 faiz) və ABŞ (31,9 min ton – 5 faiz) daxildir. Beşinci yerdə Çili (22,7 min ton – 4 faiz) qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkədən 54,6 milyon ABŞ dolları dəyərində 11 min ton meşə fındığı ixrac olunub. Bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 1,6 faiz (877,27 min dollar), həcm olaraq isə 15,7 faiz (1,5 min ton) çoxdur.

Ölkədə 60 mindən çox ailə təsərrüfatı fındıqçılıqla məşğuldur. Hazırda 1 kq ləpənin qiyməti 11 AZN, qabıqlı fındığın qiyməti isə 4 AZN civarındadır. Türkiyədə ləpə qiyməti 9,80 AZN-dir.

Azərbaycanda fındıq ləpəsi istehsalı 2020-ci ildə 21000 ton (4%) olmuşdur. Eyni zamanda 2019-cu ildə 22010 ton fındıq ləpə ixracatı ilə dünya üçüncüsü olmuşdur. Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir. Fındıq bağlarından 67 min tondan çox məhsul yığılır.

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov kiv-ə açıqlamasında bildirib ki, son illərdə Çili və ABŞ kütləvi şəkildə fındıq bağlarının salınması nəticəsində böyük məhsuldarlıq əldə edirlər. Buna görə də fındıq istehsalı və ixracına görə 3-cü yerdə Çili, 4-cü yerdə ABŞ, 5-ci yerdə Azərbaycan, 6-cı yerdə Gürcüstan dayanır.

O, diqqətə çatdırıb ki, Azərbaycanda  fındıq bağlarının sayı artsa da, məhsuldarlıq aşağı olduğu üçün digər ölkələrdən geri qalırıq. İsmayıl Orucov statistik rəqəmlərdən sitat gətirərək bildirib ki, ölkəmizdə 80 min hektaradək fındıq bağı salınıb, lakin onların bir çoxu köhnə üsulla salınmış bağlardır.

Onun sözlərinə görə, belə bağlarda keçmiş aqrotexniki qaydalar olduğundan məhsuldarlıq azdır və əsasən də şimal-qərb rayonlarında, hər hektar üçün cəmi 1 ton məhsul əldə olunur.

Ölkə üzrə fınıdığın hər hektar üçün ortalama məhsuldarlığı 800-900 kiloqramdır və bu, çox azdır.

Qeyd edək ki, 2023-cü ilin  yanvar-avqust aylarında Azərbaycan 70,5 milyon ABŞ dolları dəyərində 14 min 144 ton meşə fındığı ixrac edib. Hesabat dövründə Azərbaycan Rusiyaya 34,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % çoxdur) 7 min 390 ton (+64 %), Almaniyaya 13,2 milyon ABŞ dolları dəyərində (+25 %) 2 min 347 ton (+40 %), İtaliyaya 9,3 milyon ABŞ dolları dəyərində (-60 %) 1 min 674 ton (-56 %), İsveçrəyə 4,7 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 780 ton (+5,6 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 376 ton (+18 dəfə) məhsul satıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram