Azərbaycan Energetika Nazirliyinin aprelin 6-da OPEC+ nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumatından sonra “Brent” markalı neftin qiyməti artmağa başlayıb.
Bu barədə Rusiyanın RİA “Novosti” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 10:05-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 0,27% artaraq 30,02 dollara çatıb. WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 1,78% azalaraq 24,87 dollar olub.
“Azərbaycan Energetika Nazirliyinin neft bazarının stabilləşdirilməsi üçün aprelin 6-da OPEC və qeyri-OPEC nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumatından sonra “Brent” markalı neft bahalaşmağa, WTI markalı neftin ucuzlaşma tempi isə yavaşlamağa başlayıb”,- məlumatda qeyd edilib.
Ötən gün axşam neftin qiymətinin artmasından sonra bu səhər qiymət aşağı düşməyə başlamışdı.
Qeyd edək ki, Bakı vaxtı saat 10:45-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 2,64% artaraq 30,73 dollar/barel, WTI markalı neftin qiyməti isə 1,22% azalaraq 25,01 dollar/barel təşkil edib.
Report