Azərbaycan beynəlxalq turizm reytinqində ciddi irəliləyib | Banco.az

Azərbaycan beynəlxalq turizm reytinqində ciddi irəliləyib

Azərbaycan "Səyahət və Turizm - Rəqabət İndeksi"ndə son iki ildə 13 addım irəliləyərək 71-ci sıraya yüksəlib. Ümumdünya İqtisadi Forumun ekspertlərinin hazırladığı "Səyahət və Turizm - Rəqabət İndeksi"nin renkinqinə istinadən xəbər verilir ki, Azərbaycan Yaponiyadan sonra 2015-ci ildən bu günədək ən yaxşı performans göstərən ikinci ölkə olub. Onun performans dərəcəsi 5,98% artım göstərib.

Qeyd edək ki, renkinqdə ilk 3 sıranı İspaniya, Fransa və Almaniya tutub. Son sıralarda isə müvafiq olaraq Burundi, Çad və Yəmən yer alıb. Qonşu Rusiya renkinqdə 43-cü sırada qərarlaşıb. Onu sıralamada Türkiyə izləyir. Gürcüstan isə Azərbaycandan 1 pillə irəlidədir.

Viza rejiminin son illərdə liberallaşdırılması Azərbaycanı dünyaya açıqlıq renkinqində 77-ci sıraya yüksəldib. Təbii və mədəni qorunan ərazilərin sahəsinin artmasına görə Azərbaycan 83-cü sıraya qalxıb. Azərbaycan şifahi şəkildə təqdim edilmək reytinqində 14-cü sırada yer alıb. Qiymətlərin münasibliyi renkinqində isə ölkə milli valyutanın ucuzlaşması səbəbindən 31-ci sıradadır. Burada ən ucuz ölkə İran, ən bahalı ölkə isə İsveçrədir.

Ən sərfəli kredit üçün müraciət et

Təhlükəsizlik reytinqində Azərbaycan 35-ci, əmək bazarı renkinqində 20-ci, sağlamlıq və gigiyena şəraitinə görə 37-ci sırada, nəqliyyat infrastrukturuna görə isə 77-ci sırada qərarlaşıb.

ÜİF-in təhlükəsizlik renkinqində qonşu Rusiya 109-cu , Türkiyə 116-cı, Qazaxıstan 58-ci, Ukrayna 127-ci sırada qərarlaşıb. 136 ölkə arasında aparılan təhlilə görə, ən təhlükəsiz ölkələr Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İslandiya, Oman, Honq-Konq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər olub. Son sıralarda isə Yəmən və Kolumbiya yer alıb.

Turizm xidmətləri infrastrikturuna görə Azərbaycan 89-cu sırada yer alıb. ÜİF-in hesabatına görə, 2016-cı ildə Azərbaycanı 1 921 925 turust ziyarət edib. Əldə olunan gəlir 2,3 mln. ABŞ dolları, hər bir turistin orta xərclədiyi vəsait isə 1 201,7 dollar olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et