Azərbaycan bankları yeni təhlükə qarşısında | Banco.az

Azərbaycan bankları yeni təhlükə qarşısında

Azərbaycanın bank sektoru yeni bir təhlükə ilə üz-üzə qala bilər - beynəlxalq maliyyə qurumları ölkə banklarındakı vəsaitlərini geri çəkə bilərlər. 

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bank sektorundakı bu narahatlıq 2015-ci ilin üçüncü rübünda beynəlxalq maliyə qurumlarınan ölkə banklarından birindən 61 milyon manata yaxın vəsaiti geri çəkməsindən sonra başlayıb. Bank həmin vəsaitlərin qaytarılmasını müqavilə müddətinin bitməsi ilə izah etsə də, iqtisadiyyat dairələrində bunu, ümumiyyətlə, Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrin bank sektorunu gözləyən çətinliklə izah edirlər. 

Beynəlxalq Maliyyə İnstitunun (IIF) bu yaxınlarda dərc etdirdiyi hesabatda deyilir ki, 1988-ci ildən bu yana ilk dəfə olaraq, inkişaf etməkdə olan ölkələrdə kapitalın netto-axını mənfi olacaq. Özü də, vəziyyətin pisləşməsi iki tərəfdən müşahidə edilir: xarici sərmayəçiləri yatırımları azaldırlar, rezidentlər isə xaricə daha çox pul çıxarırlar. 

İnstitut indiki böhranın inkişaf etməkdə olan ölkələrin daxili problemlərindən qaynaqlandığını bildirir: Bu ölkələrdə iqtisadi artım templəri ardıcıl olaraq düşür. Həmçinin, ölkələr Çindəki vəziyyəti və Pekinin apardığı siyasəti narahatlıqla izləyirlər. IIF-in proqnozuna görə, inkişaf etməkdə olan ölkələri bu il 1 trilyon dollara yaxın vəsait tərk edəcək və mənfi saldo 540 milyard dollar təşkil edəcək. Keçən il isə kiçik də olsa 32 milyard dollarlıq müsbət saldo müşahidə edilmişdi. 

İnkişaf etməkdə olan ölkələrdə kapital axını

Mənbə: Beynəlxalq Maliyyə İnstitutu 

“Standard & Poor’s” agentliyi isə öz hesabatında inkişaf etməkdə olan ölkələr arasında 4 ölkənin banklarının xarici valyutalarda hecləşdirilməmiş, yəni sığorta edilməmiş aktivləri və öhdəlikləri üzündən ciddi risklər daşıdığını bildirir. Həmin 4 ölkənin sırasında Azərbaycanın, Qazaxıstanın, Ukrayna və Nigeriyanın adları yer alır. 

Böyük ehtimalla, IIF və "Standard & Poor’s" kimi qurumların müvafiq hesabatları məhz beynəlxalq qurumların öz vəsaitlərini Azərbaycan banklarından çəkməsinə səbəb olub. Durum bir neçə ay öncə Çində başlanan prosesə bənzəyir. Bu ölkənin müəssisələri beynəlxalq təşkilatlardan 16 trilyon dollara yaxın vəsait alıblar, ölkənin illik ümumi daxili məhsulu (ÜDM) isə cəmi 10 trilyon dollardır. ÜDM-in 160 faizinə bərabər olan xarici borclanma Çin iqtisadiyyatı üçün həddindən təhlükəli perspektivlər vəd edir (ABŞ-da bu göstərici 80%-dən yüksək deyil). Buna görə də, beynəlxalq təşkilatlar vəsaitlərini Çindən çıxarmağa başlayıblar. Bu mənzərə analoji proseslərin kiçik miqyasda da olsa, Azərbaycan banklarında da başlaya biləcəyini ehtimal etməyə imkan verir. 

Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri 

Lakin İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru Vüqar Bayramov hələ ki, xarici kapitalın Azərbaycanın kommersiya banklarını tərk etməsi ilə bağlı ciddi risklərin olmadığını düşünür. "Sözsüz, neftin dünya bazarındakı qiymətləri aşağıdır, regionda çətinliklər var, qlobal iqtisadi artım aşağı düşüb. Bunlar artıq kapitalların bir sıra hallarda inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru hərəkət etməsinə gətirib çıxarır. Amma buna rəğmən, bu, heç də Azərbaycanın bank sektoruna xarici kapitalın cəlbi ilə bağlı problemin olduğu demək deyil. Düzdür, bəzi investorların kapitallarını başqa ölkələrə yatıraraq sərmayələrini şaxələndirməsi halları var. Amma bunu xarici kapitalın Azərbaycanı tərk etməsi saymaq olmaz",- deyə Vüqar Bayramov bildirib. 

Lakin bununla belə, bir sıra Azərbaycan banklarının IIF və "Standard & Poor’s" kimi qurumların proqnozlarını ciddiyə alan banklar var. Belə banklar artıq depozit dərəcələrini endirməyə başlayıblar. Məsələn, Beynəlxalq Bank bu aydan dollar ilə depozitlərin illik dərəcəsini 2%-ə endirib. Halbuki, son illərdə bu dərəcələr ildən ilə artırılmışdı və 12%-ə qaldırılmışdı. Uzunmüddətli depozitlər üçün faiz dərəcəsi hətta 16%-ə qədər qalxmışdı. Beynəlxalq Bankın bu addımı "Standard & Poor’s"un Azərbaycanla bağlı etdiyi bir xəbərdarlığın fonunda atılıb. Agentlik Azərbaycan banklarında valyuta depozitlərinin payının həddindən yüksək olması ilə bağlı risk olduğunu bildirmişdi. 

Yəqin ki, digər banklar da Beynəlxalq Bankın yolu ilə gedərək bu addımı atacaq. Bunun nəticəsində, əmanətçilərin böyük hissəsi əmanətlərini banklardan geri çəkməli olacaq. Nəticədə, xeyli vəsait banklardan alternativ sektorlara yönəlməli olacaq. Bu, ciddi inflyasiya təhlükəsi yarada bilər. Hökumət bunu qarşısını almaq pulları daha gəlirli sahələrə - fond bazarına və s.-ə yönəltmək barədə düşünməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et