Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin araşdırmasında bildirilib ki, Azərbaycan artan neft qiymətlərindən faydalana bilər. Agentlik qeyd edib ki, iri əmtəə ixrac edən, xüsusən də neft-qaz sektorundan əhəmiyyətli gəlir əldə edən ölkələr cari qiymət meyllərindən, artan dinamikadan faydalana bilər.
Maraqlıdır, Azərbaycan artan neft gəlirlərindən hansı formada yararlana bilər?
Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Rusiya-Ukrayna müharibəsi neft qiymətlərinin artmasına ciddi təsir göstərdi:
“Hazırda neft bazarında qiymət dalğalanması müşahidə edilir. Lakin il ərzində neftin orta qiyməti kifayət qədər yüksək olub. Qiymət artımları neft ixrac edən ölkələrin gəlirlərinə təbii ki, müsbət təsir göstərir. Bu gün Azərbaycanın 57 milyard dollar yaxın valyuta ehtiyatı var. Bu ehtiyatlar iqtisadi sabitliyin qorunması və manatın məzənnəsinin stabil qalmasında mühüm rol oynayır. Cari ildə neft qiymətlərinin artması bizim üçün tarixi şans olub. Biz bu şansdan daha yaxşı şəkildə yararlanmalıyıq”.
İqtisadçının fikrincə, ölkəyə gələn valyuta axınını ilk növbədə qeyri-neft sahəsinin inkişafına yönəltmək lazımdır:
“Neftdən asılılığı azaltmaq əsas hədəflərimizdən biri olmalıdır. Həmçinin, indiki şəraitdə ölkənin ərzaq təhlükəsziliyinin təmin edilməsi əsas prioritet istiqamətlərindən ola bilər. Bunun üçün isə aqrar sahənin inkişaf etdirilməlidir. Sahibkarlığın inkişafı ilə idxaldan asılılığımızı minimum endirə bilərik. Hazırda işğaldan azad edilən ərazilərin bərpası prosesi gedir. Biz bu tarixi şansdan maximum yararlanmaqla həmin ərazilərdə quruculuq işləri apara bilərik. O ərazilərin bərpası üçün milyardlarla vəsait tələb olunur. Bununla yanaşı artan gəlirlərin bir qismi sosial müdafiənin gücləndirilməsinə yönəldilə bilər. Düşünürəm ki, hazırda əmək haqqı, pensiya və müavinətlərin artırılmasına ehtiyac var”.
Bizi sosial şəbəkələrdən izləyin!!