Cəbrayılova Aysel Nazim qızı,
Kapital Bank - Rəqəmsal Marketinq şöbəsinin baş mütəxəssisi
Özünüzü xoşbəxt qadın hesab edirsinizmi? və niyə?
Əlbəttə. Hər qərarımda yanımda olan ailəm, səmimi dostlarım və sevdiyim işim var. Eyni zamanda gələcəklə bağlı iddialı hədəflərim mənə xoşbəxt olmağa güc verir.
Gənc yaşda olmağınıza baxmayaraq, bir çox uğurlara imza atmısınız. Bir qadın üçün uğurlu olmaq qorxuducu deyil ki?
Fikrimcə, iş həyatı ilə ailə arasında balansın qorunduğu halda qadın üçün uğurlu olmaq qorxulu deyil. Əksinə, övladı üçün yaxşı nümunədir. Uğur sevginin, zəhmətin və məsuliyyətin nəticəsidir. Övlad əyani olaraq, bu keyfiyyətləri görür və öyrənir.Təbii ki, illərlə formalaşmış stereotiplər də var. Amma onlara ilişib qalmaq, fikir vermək insanı həvəsdən sala bilər. Ona görə də inandığın yolda əmin addımlarla irəliləmək lazımdır.
İş həyatındakı Aysel ilə, şəxsi həyatdakı Aysel arasındakı fərq nədən ibarətdir?
İş həyatında mütəxəssis, şəxsi həyatda anayam. İş həyatında həmkarlarımla birlikdə böyük layihələri işləyiriksə, şəxsi həyatda övladımla bərabər onun təhsili, inkişafı üçün birlikdə hədəflər qoyub işləyirik. Demək olmaz ki, bu ikisi tamam fərqli həyat tərzidir. Nə qədər desək də, bəzən işimizi evə gətirir, evimizin qayğıları ilə də işə gedirik. Amma bunlara baxmayaraq maksimum şəkildə düzgün bölgü aparmağa çalışıram və buna nail olduğumu hesab edirəm.
Bank sektorunda işləmək sizə hansı xüsusiyyətləri qazandırıb?
Karyerama bankda başlamışam. Maliyyə sahəsində dəyərli təcrübə qazanmışam, uzunmüddətli düşünməyi, davamlı olmağı,həllər yaratmağı, komanda işini öyrənmişəm.
Ən sərfəli kredit üçün müraciət et
Bank sektoru çətin sahədir. Özünüzü bu sahədə güclü hesab edirsinizmi?
Bəli. Çətin görünən işləri yeni həllər yaratmaq imkanı kimi görürəm. Düşünürəm ki, işini sevirsənsə, hər bir çətinliyin öhdəsindən gələ bilərsən. Ümumiyyətlə, heç bir işin, peşənin də asan olduğunu düşünmürəm.
İşinizin ən maraqlı tərəfləri nədir?
İşimin ən maraqlı tərəfi kimi komandamızla birlikdə işləməyi, müzakirə prosesini göstərə bilərəm. Birlikdə müzakirədən yeni ideyalar yaranır, hətta bəzən növbəti layihənin təməli qoyulur. Və sonda Sizin də töhfənizi verdiyiniz hər hansı bir layihənin uğurlu nəticəsini görmək insana fərqli bir zövq bəxş edir.
Özünüzü necə motivasiya edirsiniz?
Fəaliyyətimin əsas istiqamət kimi, insanlara faydalı olmağa, onlar üçün əhəmiyyətli məhsul/xidmət yaratmağa çalışıram. Motivasiyam onlara faydalı olmaq, maarifləndirmək, parallel olaraq həm də mütəmadi öz üzərimdə çalışmaq və yenilik etməkdir. Nəticə önəmli olsa da, ən çox proses məni həyəcanlandırır.
İşləmək istəyən və ya iş həyatına yeni addımlar atmış xanımlara nə məsləhət görərdiniz?
Sevdiyiniz işlə məşğul olun. Çətinliklərdən qorxmayın, hər şeyin öhdəsindən gəlmək mümkündür. İnadkar olun, uzunmüddətli düşünün, davamlı işlər görün, pozitivə yüklənin. Yalnız tapşırılan işi görməyin, öz əlavələriniz, təklifləriniz olsun.
İşinizlə parallel ailənizə, sevdiklərinizə də zaman ayırın. Unutmayın, daha öncə də dediyim kimi uğurun təməli sevgi, zəhmət və məsuliyyətdir.