"Uğur formulu" budəfəki rubrikasında həmsöhbətimiz gənc biznesmen, "Pıçıltı" kosmetik mağazası şəbəkələrinin direktoru Elmir Nəcəbovdur.
-Bildiyimiz kimi, uşaqlığınız Bərdədə ayran satmaqla keçib. Bakıya gəlişiniz necə olub?
-Bərdədə kasıb bir ailədə doğulub, boya-başa çatmışam. Məktəbin ilk dörd ilini həmyaşıdlarım kimi başa vursam da sonrakı illərdə çətinliklərlə məktəbə getmişəm. Buna məktəbə getmək demək olmaz. Çünki, məktəbə bir gün gedib, üç gün də atama bazarda pal-paltar satmağa kömək etmişəm. Hətta 9-cu sinifdə maşın ustası yanında köməkçi də işləmişəm. Bir gün dostum mənə gələcək planlarından, universitet xəyallarından danışmağa başladı. Bu zaman məndə də oxumağa, ali təhsil almağa, Bakıya getməyə həvəs yarandı. Mən də həmyaşıdlarım kimi hazırlıqlara başlayıb universitetə qəbul olunmaq istədim. Öncə valideynlərim qarşı çıxsalar da məni fikrimdən döndərə bilmədilər. Valideynlərimi razı salıb işləyə-işləyə hazırlıqlara başladım. Bazarda ayran satmaqla xərclərimi ödəyirdim. Valideynlərimdən kömək istəmirdim. Sonda imtahanlardan uğurla keçib, Milli Aviasiya Akademiyasına qəbul olundum. Və beləliklə, Bərdədən Bakıya yol aldım.
-Bir müddət Türkiyədə yaşamısınız. Necə oldu ki, ora köçmək qərarı aldınız?
-Bakıya sevinə-sevinə gəlsəm də burada da çətinliklərlə qarşılaşdım. Təhsil almaqla bərabər, həm də işləməliydim. İnşaatda işləyə-işləyə təhsilimi davam etdirirdim. Ancaq valideynlərimə kömək edə bilmirdim. Türkiyəyə getmək qərarını verdim, valideynlərimin xəbəri olmadan yenidən hazırlaşıb növbəti il imtahan verərək Türkiyədə maliyyə ixtisası üzrə universitetə daxil oldum. Milli Aviasiya Akademiyasında iki illik təhsilimi dondurub Türkiyəyə getdim. Çanakkaledə 18 Mart Universitetində təhsil almağa başladım.
-Bəs biznesə gəlişiniz necə olub?
-Öncə Türkiyədən xırda məişət avadanlıqları alıb Azərbaycana gətirirdim. Sonra isə internet üzərindən bu işləri gördüm. İnternet biznesinə gitara alıb satmaqla başladım, ətrafıma insanlar toplandı, zamanla da izləyicilərimin sayı artdı. Sonra bu biznesi böyütməyə qərar verdim. Türkiyədən gitaralar alıb ölkəyə göndərməklə yanaşı, Bakıda kurs açaraq gitarada ifa etməyi də öyrətməyə başladıq. İçərişəhərdə köhnə bir yeraltı məkanda kurs açdım, ətrafıma gənc müəllimlər cəlb etdim. Uğurlu da alındı. Zamanla kursun tələbələrinin sayı da artdı. Və belə -belə iş böyüdü. Sonra «Pıçıltı kosmetika” adında ilk mağazamızı açdıq. Artıq mağazalarımızın 50-dən çox filialı var. Daha sonra özüm yeni brend yaratdım. «Soel Parfum”» adında parfumlar istehsal etdik. Markanın adını seçərkən diqqət etdik ki, qısa və patenti alınmamış bir brend olsun. Və bu brendi yaymağa başladıq.
-Biznesin inkişaf strategiyasında personalı neçənci yerə qoyardınız?
-Mənim iş strategiyam çox fərqlidir. İşcilərimin çoxu elə öz yaxınlarımdır. Tanımadığım şəxslərlə işləməyi sevmirəm. İş perspektivinə illərdir bələd olduğum insanlar hal-hazırda ətrafımda işləyir. Çünki, kənardan bir işcini gətirmək, onun iş prinsipinə bələd olmaq zaman tələb edir. Bir işçidə əsas tələb olunan keyfiyyət canyandıran və məsuliyyətli olmasıdır.
-Rəqabətin biznesin inkişafında rolunu necə dəyərləndirirsiniz?
-Rəqabəti çox sevən insanam. Məsələn hər yeni brend çıxanda üzərində daha çox çalışıram. Yeni gələn bir rəqibi, brendi öz gördüyüm işimlə dəf etmək mənə həzz verir. Düşünürəm ki, rəqabətsiz əsla işləyə bilmərəm. Rəqabət hər sahədə, xüsusən biznesdə mütləq olmalıdır. Amma əsas odur ki, sağlam rəqabəti yarada biləsən.
-Biznesin inkişafı üçün nələrə diqqət edilməlidir?
- Hər kəs şikayətlənir ki, işsizlik var, iş yoxdur. Amma əminliklə deyirəm ki, başqa ölkələrin də təcrübəsini görmüşəm, Azərbaycanda iş qurmaq digər ölkələrdən daha asandır. Sadəcə birinci, yaxşı kadr olmağı bacarmaqdır. Tələbələr işsizlikdən şikayətlənirlər, amma vaxtlarının çoxunu da oyun zallarında keçirirlər. Gənclər zamanı dəyərləndirməlidirlər. Bizim ölkədə sıfırdan bir işə başlamaq üçün dövlət hər cür şəraiti yaradıb. Yaxşı kadr üçün dövlət hər cür şəraiti yaradıb.
-Sıfırdan bir brendi yaratmaq və artıq tanınan brendin françayzinqini almağın fərqləri nədən ibarətdir?
-İlk başlarda bir neçə brendin françayzinqini alırdım, tanıdırdım, amma sonra bu mənə sərf etmədi, əksinə ziyan vurmağa başladı. Düşünürəm ki, biznesdə sıfırdan bir brendi yaradıb, tanıtmaq daha çox məqsədəuyğundur.
-Bəs şirkətlər reklama önəm verməlidirlərmi və bu xərclər hansı həddə olmalıdır?
-İlk növbədə ən böyük uğurumun səbəbi reklamdır. Bütün brend olmuş, dünya bazarında tanınan markaları araşdırsaq, görərik ki, əsas səbəb güclü reklamdır. Reklamın biznesdə rolu əvəz olunmazdır. Hətta deyərdim ki, biznesi reklamsız təsəvvür etmək olmaz. Məsələn, götürək «Coca-Cola» brendini. Bu gün o brendin heç reklama ehtiyacı yoxdur, amma reklam marketinginə nəzər salsaq, ən güclü reklamların altında imzaları var. Hətta bir dəfə brendin CEO-suna buna nə ehtiyac var deyə soruşublar cavabında isə «Hər kəsin su borusundan «coco-cola»” gələnə qədər bu reklam davam edəcək». Yəni, sözüm ondadır ki, reklam daimi olmalıdır. Müştərilərin şüuraltına təsir etmək lazımdır.
-İş qrafikiniz necədir?
-İş qrafikim biraz qarışıqdır. Mütamadi olaraq Türkiyədə oluram. Türkiyədə və Azərbaycanda olan mağazalara nəzarət edirəm. Bütün günü yeni planlar, yeni işlər haqqında düşünürəm. Düşünürəm ki, yenilikci olmaq biznesin ən mühüm faktorlarındandır. Xüsusən də müştərilərə xidmət edən bir biznesiniz varsa, daim yeniliklərə açıq olmalısınız. Çünki, insanların tələbi də məhz budur.
-Bu sahədə kifayət qədər təcrübəyə sahib və tanınan bir brendin yaradıcısı kimi bu biznesi başlatmaq istəyində olanlara hansı məsləhətləri verərdiniz?
- Öncə onu deyim ki, bir işə başlamazdan əvvəl düşünsünlər və araşdırsınlar. Özlərini mütləq təcrübədən keçirsinlr. Uduzmaqdan, çətinlikdən əsla qorxmasınlar. Əsas odur ki, vəziyyətdən çıxış yolu tapa bilsinlər. Uzun zamandır bizneslə məşğul olan insanları araşdırmaq, həyatlarını oxumaq lazımdır. Məsələn, mən ciddi biznesə başlamazdan əvvəl Türkiyədə seminarlara qatılırdım. Türkiyədə iş adamlarını daim universitetlərə aparırlar, onlar öz təcrübələrini gənclərlə, tələbələrlə bölüşür. Son zamanlar müşahidə etmişəm ki, biz də universitetlərə videobloqqerlər dəvət olunur. Gənclərdə maraqla onlara qulaq asır, axı gənc bu cür görüşlərdən nə örnək götürür:. Düşünürəm ki, gənclərin maraq dairəsi dəyişməlidir. Onlar əsasən özünü inkişafa meyl göstərməli, uğurlu insanlardan örnək almalıdırlar. Sonra hər şey qaydasına düşəcək, uğura daha rahat, daha az əziyyətlə çatacaqlar.
fed.az