Avtomobillərin könüllü sığortası-ən zərərli sığorta növü oldu | Banco.az

Avtomobillərin könüllü sığortası-ən zərərli sığorta növü oldu

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda bütün sığorta sinifləri üzrə toplanmış hər 100 manatın 37 manatı ödənişi yönəldilib. Amma ayrı-ayrı siniflər üzrə ödəniş səviyyəsi fərqlidir.

10 ayın nəticələrinə əsasən, ölkədə ən zərərli sığorta növü avtomobillərin könüllü sığortasıdır. Sığorta şirkətləri bu sahədən topladıqları hər 100 manatın 75 manatını (75%) müştərilərinə geri qaytarıblar. Ötən il isə bu nisbət 47% olub. Zərərliliyin artması bu ilin əvvəlindən ölkədə avtomobil satışının və kasko sığortasından daxilolmaların azalması ilə bağlıdır.

Zərərliliyin səviyyəsinə görə sonrakı yerdə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası qərarlaşıb. Bu sığorta növü üzrə toplanan hər 100 manat sığorta haqqının 68 manatı ödəniş edilib. Ötən il isə bu nisbət 18% olub.

Şirkətlər tibbi sığortaya görə də çox ödəniş ediblər. Hesabat dövrünə, bu sığorta növündən əldə olunan hər 100 manatın 67 manatı ödənişə gedib. Elə ötən il də bu nisbət 67% olub.

Həyatın yaşam sığortası ilə bağlı bağlanmış müqavilələrin müddətinin bu ilin avqust ayında bitməsi bu sığorta növü üzrə zərərliliyi ötən illə müqayisədə 7-8 dəfə artırıb. Belə ki, 2013-cü ilin 10 ayında həyatın yaşam sığortasında ödəniş-yığım nisbəti 7% civarında idisə, bu il bu nisbət 51% olub.

Avtomobillərin icbari sığortasında da ödəniş səviyyəsi artıb. İlk 10 ayın nəticəsinə görə, bu sığorta növü üzrə toplanan hər 100 manatın 42 manatı ödəniş edilib, ötən il isə bu rəqəm 36 manat idi.

Ən sərfəli kredit üçün müraciət et

Bu il əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə isə ödənişlər artıb. Yanvar-oktyabrda bu sığorta növü üzrə hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib, ötən il bu göstərici 7 manat olub. Buna həm yığımların 28% azalması ilə yanaşı, həm də ödənişlərin kəskin (2,8 dəfə) artması səbəb olub.
Daşınmaz əmlakın icbari sığortasında isə ödəniş-yığım nisbəti ötən ilki kimi, 11% ətrafında olub.

Ötən il sığorta şirkətləri sağalmaz xəstəliklərdən sığortaya görə ödəniş etməsələr də, bu il bu sığorta növündən toplanılan sığorta haqqının 19%-i ödənişə gedib.
Digər əsas sığorta növlərinə gəlincə, fərdi qəza və xəstəlik sığortasında ödəniş səviyyəsi 13% (ötən il 14% olub), səyahət sığortasında 13% (ötən il 16% olub), istehsalda bədbəxt hadisələrdən sığortada 8, (ötən il 5% olub), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 1% (ötən il ödəniş olmayıb) təşkil edib.

Dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin, yük daşıyanın mülki məsuliyyətinin sığortası, auditorların peşə məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı isə ümumiyyətlə ödəniş edilməyib.

FİNS.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et