Avtomobillərin icbari sığortası ilə bağlı müraciət müddəti təyin oluna bilər | Banco.az

Avtomobillərin icbari sığortası ilə bağlı müraciət müddəti təyin oluna bilər

Belə bir təkliflə Dövlət Sığorta Nəzarəti Xidməti çıxış edib.

Qəza zamanı sığorta şirkətinə vaxtında məlumat vermək məsələsi yenidən gündəmə gəlib. Artıq icbari sığorta hadisələri zamanı da sığorta şirkətinə müraciət etmək üçün konkret vaxt müəyyən edilə bilər. Belə bir təkliflə Dövlət Sığorta Nəzarəti Xidməti çıxış edib. Buna ehtiyac yaradan isə mübahisələrdir.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Mahir Abdullayev bildirir ki, qanunvericilikdə icbari sığortalar zamanı vətəndaşın sığorta şirkətinə müraciət etməsi üçün konkret müddət təyin olunmayıb. Yalnız qeyd olunub ki, sığortalı ən qısa zamanda şirkətə hadisə barədə məlumat verməlidir. Bu qeyri-müəyyənlik də əksər hallarda vətəndaş və sığorta şirkəti arasında mübahisələrə səbəb olur, ya sığortalı vaxtında məlumat vermir, ya şirkət müəyyən bəhanələrlə ödənişdən imtina edir. Buna görə də konkret müddətin müəyyən olunmasına ehtiyac var.

İcbari sığortadan fərqli olaraq könüllü sığortada müəyyən müddət var. Avtomobillərin könüllü sığortası zamanı tam sığortadan söhbət gedirsə, sığortalı 24 saat ərzində şirkətə müraciət etməlidir. Digər könüllü sığorta növlərində isə müddəti sığortaçı müəyyən edir. Amma bəzi müstəsna hallar mütləq nəzərə alınmalıdır. Məsələn, qəza zamanı avtomobil sahibi ağır xəsarət alarsa, bu zaman müraciət geciksə də, baxılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Mülki məcəlləyə edilən son dəyişiklik də sığorta mübahisələrini müəyyən qədər azalda bilər. Sənəddə əvvəl göstərilirdi ki, hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verməmək şirkətə sığorta ödənişindən imtina haqqı verir. Lakin məcəlləyə edilən dəyişikliyə görə, sığorta hadisəsi barədə vaxtında məlumat verməmək şirkəti hadisənin sığorta hadisəsi olub-olmadığını müəyyən etməkdən məhrum etmirsə, ödəniş mütləq edilməlidir. Yəni hər hansı şəxs qəza barədə sığorta şirkətinə vaxtında məlumat verməyibsə, ancaq şirkət sonradan da bu qəzanın sığorta hadisəsi olduğunu müəyyən edə bilərsə, mütləq ödəniş etməlidir.

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et