"Avtomobil kreditləşməsinin dayandırılması banklara böyük zərbədir"
Samir Əliyev: "Banklara qoyulan məhdudiyyət avtomobil bazarında ucuzlaşmaya səbəb ola bilər"
- “Bank Standart” avtomobil krediti verirmi?
- Xeyr, artıq avtomobil kreditləri verilməsi dayandırılıb.
- Səbəb nədir?
- Mərkəzi Bankdan belə bir tapşırıq gəlib və bundan sonra bizim bankımız avtomobil kreditlərinin verilməsini dayandırıb.
Avtomobil kreditləri ilə bağlı daha bir neçə bankdan da eyni cavabı aldıq. Digər mal və xidmətlərə gəldikdə, banklar indi bu kreditləri də arayışsız vermirlər.
“Dəmirbank”: “Hazırda mebel, soyuducu, televizor və s. avadanlıqlar üçün kreditlər də ancaq arayışla verilir”.
Hələ ki Mərkəzi Bankın avtokreditlərə qoyduğu məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bəlli deyil.
Mərkəzi Bankın açıqlaması
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu addım kredit portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının artırılmasına xidmət edir.
Mərkəzi Bank maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə banklara “məsuliyyətli borc vermə” prinsiplərinə uyğun olaraq işlərini intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırıb.
“Azərbaycan bankları xarici sahibkarları inkişaf etdirir”
İqtisadçı Samir Əliyev avtomobil kreditinə qoyulan məhdudiyyəti əslində bankların özünün yaratdığı problem sayır. Banklar daha çox müştəri və daha çox gəlir əldə etmək üçün arayışsız kreditlər verməyə başlayıblar.
İndi ümumi kredit qoyuluşunda istehlak kreditlərinin payının 40 faizi və ya 6 milyard manatı keçdiyini bildirən iqtisadçı mövcud vəziyyəti çox təhlükəli sayır: “Ölkənin inkişafı üçün biznes kreditləşməsi vacibdir. Amma biznesdə böyük risklər olduğundan banklar istehlak kreditləşməsinə qaçır. Bu zaman banklar biznes sahəsinə pul ayırmırlar. Istehlak kreditlərinin payının 40 faizə çatması o deməkdir ki, əhalinin gəlirlərinin 20 faizi borclanmaya gedib. Azərbaycan kimi ölkələrdə bu, təhlükəlidir və narahatlıq doğurmaya bilməz. Misal üçün, bu, Almaniya üçün təhlükəli deyil. Çünki orda avtomobil ölkənin öz istehsalıdır və kreditlərin götürülməsi əslində avtomobil sənayesinin inkişafına səbəb olur”.
Samir Əliyev deyir ki, Azərbaycanda avtomobil istehsalı olmadığından bankların avtomobil kreditləri verməsi dolayı yolla xarici ölkə sahibkarlarının inkişafına xidmət edir:
“Nəticədə öz sahibkarlarımız rəqabət apara bilmir. Bu baxımdan istehlak kreditləşməsi təhlükəlidir”.
“20 bank çökə, avtomobillər ucuzlaşa bilər”
Samir Əliyevin fikrincə, Mərkəzi Bankın avtokredit qadağası 6-7 ay davam edərsə, bu, 20-yə yaxın bankın ciddi problemlə üzləşməsinə, hətta bağlanmasına səbəb ola bilər: “Çünki həmin bankların kredit portfelində avtomobil kreditlərinin payı daha yüksəkdir. Avtomobil kreditləşməsinin dayandırılması həmin banklara böyük zərbədir. Bankların xərcləri artacaq. Eyni zamanda bu, sığorta bazarına da təsir edəcək”.
İqtisadçı banklara qoyulan məhdudiyyətin avtomobil bazarında ucuzlaşmaya səbəb ola biləcəyini də düşünür: “Bu gün Azərbaycanda yeni avtomobillərin üçdən ikisi kreditlə alınır. Məhdudiyyətlərin tətbiqi tələbatın 60-70 faiz azalması deməkdir. Tələbatın da azalması avtomatik qiymətlərə təsir göstərəcək”.
“Banklarda tanış adamlarımız var, onlar düzüb-qoşa bilərlər”
Hələ ki, bəzi banklar buna yalnız sözdə əməl edirlər. Bunu Bakıdakı avtomobil satış mərkəzlərindən verilən cavablar da təsdiq edir.
- İndi sizdən kreditlə avtomobil götürmək olarmı?
- Məhdudiyyət var, amma siz bizə yaxınlaşın, bizim banklarda tanış adamlarımız var, onlar düzüb-qoşub həll edə bilirlər.
Varlılar varlanır, kasıblar borclanır...
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Mərkəzi Bankın narahatlığını başadüşülən sayır. İqtisadçı hesab edir ki, həqiqətən də qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda, risklər getdikcə artır və kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalara istinadən ayrılmalıdır.
İqtisadçı yada salır ki, kredit qoyuluşunun 39.6 faizi, yəni 6 milyard 420 milyon manat ev təsərrüfatlarının payına düşür.
Qubad Ibadoğlu deyir ki, kasıblara ayrılan bahalı kreditlər depozit faizlərinin yüksək olması ilə müşahidə edilir. Bu prosesdə bir tərəfdən varlılar daha da varlanır, kasıblar bir az da yoxsullaşırlar. Bu baxımdan da iqtisadçı insanlara məsləhət görür ki, “məsuliyyətsiz borc vermə” prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və maddi problemlərini həll etsələr, yaxşı olar.
Milli.az