Avtomobil qiymətləri bir xeyli düşəcək! | Banco.az

Avtomobil qiymətləri bir xeyli düşəcək!

Avtomobil kreditlərinin sərtləşdirilməsi bu gün ən çox müzakirə olunan məsələlər sırasındadır ( birinci çox güman ki, Sovetskidə sökülən evlər və Ukrayna uğrunda müharibədir).  Lakin dəyişən şərtlər məhz hansılardır və nəyə görə indi kreditlə avtomobil almaq sərfəli deyil? – bu sualı yəqin ki, siz də özünüzə verirsiniz?

 Şərtlərin belə dəyişməsi çoxlarının arzusunu “ürəyində qoyacaq”. Hətta mənim kimi avtomobil sahibi olmağa can atmayan insanda belə avtomobil kreditlərin keçmiş “cəlbedici təklifləri” böyük maraq oyadırdı. Bəs, indi bazarda vəziyyət necədir? Sizi avtomobil kreditlərinin “gerçək üzü” ilə tanış etmək istərdik.  Bu barədə avtomobil kreditləri üzrə ixtisaslaşmış və bazarla sıx əlaqədə olan mütəxəssis Cəlal Sevdimov fikirlərini  bizimlə paylaşır:

“Yeni şərtlərlə 2012-ci ilədək olan orta sinif avtomobillər üçün kreditlə satış demək olar ki, ləğv edilmişdir.

Belə ki, bu ilədək olan avtomobillərin dəyərinin 80%-ni ödəyən insan heç bir vaxt avtomobili girov qoyub kredit götürməz. Çünki bankın potensial müştərisi avtomobilin dəyərinin 80%-ni ödəyib 20%-ni kreditləşdirərkən əlavə olaraq, sığorta pulu və bank xərcləri ödəməlidir. Bunlar da ki, elə həmin 20%-ə yaxın bir rəqəm olur. Çatışmayan xırda bir məbləğ olur ki, onu da ən pis halda ya banklardan istehlak krediti kimi ya da ki, yaxın və ya tanış bir şəxsdən borc kimi götürüb işini həll edə bilər. Ona görə də heç bir insan bu şəkildə avtomobil almaq tərəfdarı olmaz.

2013-cü il buraxılışı olan avtomobillərin satışı 80-90% azalacaqdır.

Çünki keçmiş illərin statistikası da göstərir ki, 50% və daha çox ilkin ödəniş edərək kreditlə avtomobil alan insanların sayı ümumi kreditlə avtomobil satışınin 10-20%-ni təşkil edir. Lakin bu şərtlərlə verilən kreditlərin problemə düşmə faizi minimuma bərabərdir - Cəlal müəllim məsələ ilə bağlı öz fikirlərini bildirir. 
Müəyyən dövrdən sonra avtomobil bazarında avtomobil qiymətləri bir xeyli düşəcək

Bu qərardan sonra avtomobillərə maraq demək olar ki, 2-3dəfə azalıb. Lakin o. avtomobil kreditləri üzrə faizlərə təsir etməyəcək. Belə ki, avto-kreditlə avtomobil satışının belə aşağı düşməsinə səbəb faizlər deyil, yeni şərtlərdir. Ancaq müəyyən dövrdən sonra avtomobil bazarında avtomobil qiymətləri bir xeyli düşəcəkdir. Buna alverin nağd forması da təsir edəcək.

Avtosalonlar hal-hazırda çıxış yolu olaraq lizinq vasitəsi ilə satışı həyata keçirməyə çalışırlar. Bu da hələ ki, istədikləri satış həcmini həyata keçirməyə imkan vermir..

Ən sərfəli kredit üçün müraciət et

Avto-kredit əldə olunan zaman alınan avtomobil DYPİ-də müştərinin adına qeydiyyata alınır və qeydiyyat şəhadətnaməsinin (texniki pasportun) “xüsusi qeydlər” hissəsində avtomobilin bankda girovda olması barəsində müvafiq qeyd olunur.  

Lizinq yolu ilə avtomobilin alınmasının şərtləri ilkin ödəniş baxımından pulu az olan müştərilər üçün əlverişlidir. Lizinqin əsas fərqi isə odur ki, lizinq yolu ilə alınan avtomobil DYPİ-də müştərinin adına qeydiyyata alınmır, lizinq şirkətinin adına rəsmiləşdirilir və lizinq şirkəti tərəfindən müştəriyə müəyyən müddətə sürmək üçün etibarnamə verilir.

Müştərinin lizinqə maraq göstərməməsinin əsas səbəbi isə  avtomobilin müştərinin öz adına rəsmi qeydiyyata alınmamasıdır. Bu da ki, insanların lizinqə olan marağını azaldır. Lakin insanlar düzgün maarifləndirilərsə lizinqlə satış həyata keçirmək mümkün olacaqdır.

İnsanlar əsas ona görə qorxur ki, avtomobil lizinq şirkətinin adında olur və şirkət ona rəsmi sənəd kimi ancaq sürməyə etibarnamə verir.

İnsanlar düşünür ki, şirkət istədiyi zaman avtomobili müştərinin əlindən ala bilər. Ancaq heç bir şirkət bunu hər hansı bir səbəb olmadan etmək iqtidarında deyil. Bu əslində insanların kefi istədiyi zaman, mülki etibarnamə ilə şirkətə demədən avtomobili satmasının da qarşısını alar, həm də insanları aldadan işbazların da işini əngəlləşdirər – Cəlal müəllim lizinq və ya kreditlə avtomobil almağın daha sərfəli olması ilə bağlı məsələyə öz münasibətini bildirdi.

Həmçinin o, hal-hazırda kredit portfelində avtomobil kreditlərinin böyük üstünlüyə malik olduğu banklar haqqında danışdı və yenə də əsas çıxış yolu kimi lizinqi gördüyünü qeyd etdi:

“Azərbaycanda bir neçə iri bank var ki, onlarla birlikdə eyni qrupa və ya eyni holdinqə daxil olan lizinq şirkətləri də var. Bununla əlaqədar, mən əminəm ki, belə biznes qrupların və ya holdinqlərin sahibləri sürətli reaksiya kimi ilkin olaraq lizinq şirkətlərini aktiv olaraq “işə salacaqlar”. Digər (lizinq şirkəti ilə “doğma münasibətdə” olmayan) banklar isə məcbur olacaq ki, ya “doğma” bir lizinq şirkəti yaratsınlar. Ya da ki öz bizneslərini diversifikasiya etmək və avtomobil kreditlərinin sayının azalmasını digər hər hansı bir kredit məhsulları ilə əvəz (kompensasiya) etmək məcburiyyətində qalacaqlar” – Cəlal müəllim fikirlərini belə yekunlaşdırdı.
 

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et