Avrozonada inflyasiya hədəfdən aşağı düşüb | Banco.az

Avrozonada inflyasiya hədəfdən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya gözlənildiyindən çox azalaraq Avropa Mərkəzi Bankının (ECB) 2%-lik hədəfindən aşağı düşüb.

Banco.az xəbər verir ki, Avrozonada inflyasiya may ayında 2,2%-dən 1,9%-ə geriləyib.

Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar isə 2%-lik inflyasiya proqnozu vermişdilər.

Aylıq əsasda inflyasiya dəyişməyib, halbuki əvvəlki ayda 0,6% artım müşahidə olunmuşdu.

May ayında baş verən bu geriləmə əsasən xidmət sektorunda inflyasiyanın aprel ayındakı 4%-dən 3,2%-ə düşməsi ilə əlaqələndirilir.

Beləliklə, başlıq inflyasiya (ümumi inflyasiya) 8 ay ərzində ilk dəfə və 2021-ci ilin ortasından bəri ikinci dəfə Avropa Mərkəzi Bankının (ECB) 2%-lik hədəfini aşmayıb. Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsi və ardından yaranan enerji böhranı nəticəsində başlıq inflyasiya 2022-ci ilin oktyabrında 10,6%-ə yüksələrək rekord səviyyəyə çatmışdı.

Qida və enerjini çıxmaqla hesablanan əsas inflyasiya isə may ayında illik əsasda 2,7%-dən 2,3%-ə düşüb. Proqnoz isə 2,4% idi.

Bu göstəricilər Avropa Mərkəzi Bankının iki günlük faiz qərarı toplantısından dərhal əvvəl açıqlanıb.ə

İnflyasiyanın nəzarət altında olması və ABŞ Prezidenti Donald Tramp ilə Avropa arasında ticarət gərginliklərinin iqtisadi görünüşü çətinləşdirməsi fonunda, depozit faizlərinin 25 baza bəndi azaldılaraq 2%-ə endiriləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram