Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona iqtisadiyyatı ikinci rübdə proqnozlara uyğun artım göstərib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonada ikinci rüb üzrə Ümumi Daxili Məhsul (ÜDM) və məşğulluğa dair aparıcı məlumatları dərc edib.
Məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,3 faiz artıb. Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb. Bazar proqnozları da məhz bu istiqamətdə idi.
Aİ-də isə mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM ilin ikinci rübündə rüblük 0,3 faiz, illik 0,8 faiz artıb.
Almaniyada ÜDM əvvəlki rüblə müqayisədə ikinci rübdə 0,1 faiz azaldığı halda, Fransada 0,3 faiz, İtaliyada 0,2 faiz, İspaniyada 0,8 faiz artıb. Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə 0,1 faiz azalarkən, Fransada 1,1 faiz, İtaliyada 0,9 faiz, İspaniyada isə 2,9 faiz artıb.
Avrozonada məşğulluq ikinci rübdə birinci rüblə müqayisədə 0,2 faiz, 2023-cü ilin ikinci rübü ilə müqayisədə isə 0,8 faiz artıb. Aİ-də məşğulluq ikinci rübdə əvvəlki rüblə müqayisədə 0,2 faiz, ötən ilin eyni rübünə görə isə 0,7 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!