Vergilər Nazirliyində Avropa İttifaqının TAIEX institusional quruculuq aləti çərçivəsində "Startapların vergiyə cəlb olunması" mövzusunda ekspert missiyasının iştirakçısı - Macarıstan Maliyyə Nazirliyinin Gəlir vergisi və sosial ödəmələr departamentinin vergi hüququ üzrə mütəxəssisi Virag Liptak startapların vergiyə cəlb olunması, kiçik və orta biznesin inkişafı və digər bu kimi sahələr üzrə təcrübələrini bölüşərək, suallarımızı cavablandırıb.
- Xanım Liptak, Macarıstanda startaplar hansı alətlər vasitəsilə təşviq olunur?
- Macarıstanın vergi sistemində startapların təşviq edilməsi nöqteyi-nəzərindən bir çox layihələr nəzərdə tutulub ki, onların arasında vergiyə cəlb etmə, vergitutma bazasına aid tədbirlər, vergi kreditləri və ümumiyyətlə, inzibatçılıq yükünün azaldılması kimi məsələlər də var. Şirkətlərə investisiya qoyulduğu təqdirdə, investisiyanın məbləği vergi bazasından çıxılır. Bu vəsaitlər, aktivlər yeni avadanlığın alınmasına yönəldildikdə, lazım gəldikdə onlar vergi krediti ala bilir və sənədləşdirmədən azad edilir. Bütün bunlar təşviq üsullarına daxildir.
- Kiçik bizneslə bağlı Avropa İttifaqının xüsusi vergitutma qanunvericiliyində hansı spesifik qaydalar mövcuddur?
- 1990-cı illərin Avropasının keçmiş direktivlərində bir çox bu cür təşviqlər nəzərdə tutulub. İndi isə kiçik və orta biznesi dəstəkləmək üçün daha çox qanunvericilik və təşviqlər haqqında düşünürlər. Bununla əlaqədar iki misal göstərə bilərəm. 2014-cu ildə vergidən yayınmaya qarşı tədbirlər direktivi qəbul edilib ki, burada da xüsusi bir limit qəbul olunub - kiçik müəssisələr həcminə görə istisna edilməkdədir. Avropa İttifaqında qiymətlərin transferi ilə əlaqədar xüsusi bir forum yaradılıb. Forumun tövsiyələrindən biri də bu olub ki, qiymətlərin transferi kiçik müəssisələrə əlavə yük gətirməməlidir.
- Rəqəmsal iqtisadiyyatın vergitutmaya cəlb olunması istiqamətində hansı layihələriniz var?
- Bu sahədə çox iş görürük. Məsələn, böyük reklam şirkətlərini vergiyə cəlb etməyə çalışırıq. Onların arasında "Google" da var. Bu təbliğat işi tək bizdə yox, Avropa İttifaqının digər ölkələrində də aparılır.
- E-ticarətdə startapların rolu ilə bağlı nə deyə bilərsiniz? Macarıstanda e-ticarətin vergiyə cəlb olunması ilə bağlı hansı işlər görülür?
- Doğrusu, biz bunlar üçün əlavə fərqli qayda tətbiq etmirik. Bu tip startaplar adi startap kimi qəbul olunur. Macarıstanda çox savadlı, bacarıqlı əməkdaşlardan ibarət yaradılmış xüsusi dövlət komissiyası rəqəmsal fəaliyyət planı hazırlayıb. Burada müxtəlif təşviqlər və güzəştlər nəzərdə tutulub ki, onların arasında da kreditin alınmasının asanlaşdırılması, dövlət kreditlərindən faydalanma kimi tədbirlər nəzərdə tutulub.
Vergiler.az