Müəllif: Tamara Mustafayeva, Banco.az
Tariflərin nümayişi həftəsində Avropada qaz qiymətləri 20 faiz ucuzlaşıb.
Banco.az xəbər verir ki, Avropada qaz qiymətləri ABŞ Prezidenti Donald Trampın ikitərəflilik prinsipinə əsaslanan tariflərini elan etməsindən sonra yaranan gərginlik və bu tariflərin qlobal iqtisadiyyatda durğunluq yaradacağına dair narahatlıqlar səbəbilə bir həftə ərzində 20 faiz azalıb.
Avropada likvidliyi ən yüksək olan və Niderland mərkəzli virtual təbii qaz ticarət məntəqəsi TTF-də 1 meqavatsaatlıq qazın qiyməti 2 aprel tarixində 41,2 avrodan bağlanıb.
ABŞ Prezidenti Trampın ölkəsi üçün “xilas günü” kimi xarakterizə etdiyi və ticarət tərəfdaşlarına qarşı ikitərəflilik prinsipinə əsaslanan gömrük vergilərini açıqladığı 2 apreldən sonra, Avropada qaz qiymətləri kəskin şəkildə enib.
Avropada 1 meqavatsaatlıq qazın qiyməti 3 aprel tarixində 39,2 avrodan açılıb və qiymətlər həftə ərzində aşağı düşməyə davam edib.
ABŞ və Çin arasında tariflərlə bağlı gərginliyin artaraq davam etməsi də qiymətlərin enmə sürətini artırıb.
Beləliklə, 2 apreldən sonra Avropada qaz qiymətləri 20 faiz azalıb. Yalnız bu həftənin əvvəlindən etibarən isə qiymətlər 9,2 faiz aşağı düşüb.
Bu azalma ilə qaz qiymətləri 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!