Müəllif:Ayşən İmanova/Banco.az
Avropanın qaz anbarları kəskin soyuqlar və Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin dayandırılması fonunda sürətlə boşalır, bu da enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da gərginləşdirir.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Yanvarın əvvəlinə anbarlardakı qaz ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 faizə qarşı hazırda 70 faizə yaxındır. Bu, qismən sərt hava şəraiti ilə əlaqədardır ki, belə şərait istiliyə yüksək tələbat yaradır.
Agentlik qeyd edir ki, ehtiyatların səviyyələrində azalma tempi 2018-ci ildən bəri maksimum həddə çatıb. Qış mövsümünün əvvəlindən Aİ anbarları maksimum həcminin 25%-ni itirib ki, bu da onların növbəti istilik mövsümünə qədər doldurulmasının mümkünlüyü ilə bağlı artıq narahatlıq doğurur.
Bu qış təbii qaz çatışmazlığı təhlükəsi olmasa da, ekspertlər 2025-ci ildə Avropada enerji xərclərinin artacağı və növbəti istilik mövsümü ərəfəsində təchizatın bərpasında çətinliklər olacağı barədə xəbərdarlıq edirlər.