Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (AB) və Avro Bölgəsi üzrə 2025-ci ilin dördüncü rübü üçün dövlət borcu və büdcə kəsirləri ilə bağlı məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, məlumatlara görə, Avro Bölgəsində dövlət borcunun ÜDM-ə nisbəti üçüncü rübdəki 88,4 faizdən son rübdə 87,8 faizə düşüb.
Aİ-də üçüncü rübdə 82 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti dördüncü rübdə 81,7 faizə düşüb.
Beləliklə, sözügedən dövrdə Avro Bölgəsində ümumi dövlət borcu 13,911 trilyon avro, Aİ-də isə 15,374 trilyon avro təşkil edib.
Aİ üzvü olan ölkələr arasında ötən ilin son rübündə Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olub - 146,1 faiz. Yunanıstanı 137,1 faizlə İtaliya, 115,6 faizlə Fransa, 107,9 faizlə Belçika və 100,7 faizlə İspaniya izləyir.
Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr 24,1% ilə Estoniya, 26,5% ilə Lüksemburq və 29,9% ilə Bolqarıstan olub.
Aİ qaydalarına görə, normal şəraitdə üzv dövlətlərin dövlət borcu ÜDM-nin 60%-ni, büdcə kəsirləri isə ÜDM-nin 3%-ni keçməməlidir. Bu limitlər aşılarsa, görüləcək tədbirlər barədə Aİ Komissiyasına məlumat verilməli və lazımi tədbirlər görülməlidir.
